Sabiq nazir prezidentliyə namizədliyini irəli sürdü – FOTO

  • By admin
  • 26 Dekabr 2023 16:58

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Gununsesi.info bildirir ki, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov 1994-1999-cu illərdə Azərbaycan Respublikasının maliyyə naziri olub.

O, 2001-ci ildə Rusiyanın Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə edib. 2004–2013-cü illərdə Rusiyanın Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin maliyyə kafedrasının professoru olub. 2018–2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi dərs deyib.

Altmışdan artıq elmi əsərin və dərsliklərin müəllifidir.

Sabiq nazir 2005-ci ildə dövət çevrilişinə cəhd ittihamı ilə həbs edilib.

2006-cı ilin aqvustunda qanunsuz silah saxlamaqda təqsirli bilinən Fikrət Yusifova 1 il 6 ay həbs cəzası kəsilib. 2006-cı ilin noyabrında cəzasının 2/3 hissəsini çəkən F. Yusifov məhkəməyə ərizə ilə müraciət edərək azadlığa buraxılmasını xahiş edib. Məhkəmə ərizəni təmin edib və keçmiş maliyyə nazirinin qalan cəzasını komendatura şəraitində çəkməsi barədə qərar qəbul edərək onu məhkəmə zalından azadlığa buraxıb.

Fikrət Yusifov 28 noyabr 2019-cu ildə Ana Vətən Partiyasına üzv olmuş və sədrin sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsinə təyin olunub. Fikrət Yusifov 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürsə də, son anda namizədliyini geri çəkib.  Fikrət Yusifov 12 mart 2020-ci il tarixində Ana Vətən Partiyasındakı vəzifəsindən və partiya üzvlüyündən istefa verib.

Hazırda “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədridir.

Gununsesi.info