“Qara bazarda dolların kəskin qalxmasına səbəb bankların dollar satışını dayandırmasıdır. Möhtəkirlər bundan maksimum yararlanamağa qərar veriblər.Qara bazarda dolların 1 dolların 1 manat 81 qəpiyə satılması faktı çox ciddi kənarlaşmadı və aidiyatı qurumlar bununla bağlı ciddi tədbirlər görməlidir”.
Bunu Gununsesi.info-ya açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifov son günlərdə manatın sürətlə ucuzlaşması və bankların dollar satmaması məsələsinə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bu gün rəsmi məzənnə ilə qeyri-rəsmi məzənnə arasında belə uçurum, ciddi narahatçılıq üçün bir əsasdır:
“Sentyabr ayının 2-də qara bazarda artıq 1 dolların 1 manat 81 qəpiyə satılması faktı qeydə alındı. Mərkəzi Bankın rəsmi kursu isə həmən günə 1 dollar üçün 1 manat 63 qəpik müəyyən edilmişdi. Deməli qara bazarın məzənnəsi ilə rəsmi məzənnə arasında fərq 18 qəpik olub. Bu çox ciddi kənarlaşmadır. Bilmirəm Mərkəzi Bankın rəhbərliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası vəziyyəti necə qiymətləndirirlər”.
Bunun səbəbini açıqlayan saqbiq nazir deyib ki, bu vəziyyəti yetirən əsas səbəblərdən biri də budur ki, son günlər banklar xarici valyuta satışını tam dayandırıblar: “Bunu görən qara bazardakı möhtəkirlər isə yaranmış vəziyyətdən maksimum yararlanmaq qərarı veriblər”.
Bununla belə F. Yusifov əlavə edib ki, bütün dünyada gedən iqtisadi tənəzzülün bizdən də yan keçmədiyi bir dönəmdə, manatın məzənnəsində bəzi yumşalmaların baş verməsi təbii bir haldır.
Sabiq nazir deyib ki, manatın keçən ilin fevral və dekabr aylarında olduğu kimi birdən – birə, kəskin ucuzlaşacağı real görünmür: “Əslində manatın üzən məzənnəyə keçirilməsindən sonra heç buna ehtiyac da qalmır. Zəruri olan halda bazar özü valyuta birjası vasitəsilə manatın məzənnəsini tənzimləyə bilər. Xüsusi indikator rolunu oynayan qara bazar isə vəziyyətin nəbzini özünəməxsus qaydada daha həssas bir şəkildə müəyyən edir”.
Yaranmış vəziyyətdən çıxış yolu haqqında mövqeyini açıqlayan F. Yusifov deyib ki, indi qarşıda duran əsas vəzifə iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etməklə bu sektordan ixracın həcminin artırılmasına nail olmaqdan ibarətdir: “Bu hesaba daxil olacaq valyuta gəlirləri ölkənin tədiyyə balansındakı kəsrin aradan qaldırılmasını təmin edə biləcəkdir. Bu variantın alternativi yoxdur”.
O əlavə edib ki, yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə kordinal addımların atılmasına ehtiyac var: “Hesab edirik ki, yaxın iki il ərzində real sektorda iki minə qədər kiçik və orta müəssisənin yaradılmasına ciddi ehtiyac var. Bu məqsədlə Neft Fondunun vəsaitlərindən 5 milyard dollara qədər vəsaitin çıxarılaraq dediyimiz məqsədə istifadə edilməsi çox yerinə düşərdi. Mətbuat səhifələrində bu təklifi daha geniş formada oxucularımıza bir neçə dəfə təqdim etmişik. Bu yolla yaxın bir neçə ilə tədiyyə balansındakı vəziyyətin tarazlaşdırılması mümkün ola bilər”.
Sabiq nazirin fikrincə, bu baş verməyəcəyi təqdirdə manatın getdikcə dəyərdən düşməsi, infilyasiyanın sürətlənməsi və əsas makrogöstəricilərin pisləşməsi baş verər ki, bu da arzuolunan deyil: “Digər tərəfdən, manatın məzənnəsində baş verən ucuzlaşmalar birbaşa qiymətlərə təsir edir. Xüsusilə da xaricdən möhkəm valyuta ilə alınıb gətirilən malların qiyməti dərhal qalxır. Təssüflər olsun ki, belə qiymət artımları təkcə xaricdən alınıb gətirilən mallara şamil edilmir, yerli xammal əsasında daxili istehsalla məşğul olan iş adamları da sonradan tədricən öz məhsullarının qiymətlərini eyni səviyyədə qaldırırlar”.
Mürtəza Bünyadlı
Gununsesi.info