Sabiq nazirin apellyasiya şikayətinə baxılacaq

  • By admin
  • 11 Oktyabr 2016 10:10

ali1

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayətinə baxılacaq.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, şikayət üzrə ilkin baxış iclası oktyabrın 13-də keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Əli İnsanovun Nəsimi Rayon İcra Şöbəsinə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə iddianı təmin etməyib. Şikayət həmin qərardan verilib.

Ə. İnsanovun iddiasına əsasən, ona məxsus qaraj özünün və ailəsinin xəbəri olmadan 50 min manata Vəfa Əlizadə adlı şəxsə satılıb. Bundan sonra sabiq nazir məhkəməyə müraciət edib. Nəsimi Rayon Məhkəməsi V. Əlizadənin keçmiş nazirə 50 min manat ödəməsi barədə qətnamə çıxarıb. Lakin məhkəmə qətnaməsi icra olunmayıb. Əli İnsanovun vəkilləri müəyyənləşdirib ki, V. Əlizadənin adına bankların birində səhmlər var. Bu dəfə vəkillər səhmlərin bir hissəsinin (50 min manatlıq) üzərinə həbs qoyulması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə təqdimatı təmin edərək, qərardad çıxarıb. Həmin qərardadı Nəsimi Rayon İcra Şöbəsi icra etməyib. Bununla bağlı Ə. İnsanov 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Bu il avqust ayının 24-də isə Ə. İnsanova yeni cinayət işi açılıb. Sabiq nazir CM-in 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

Gununsesi.info