
2016-cı ilin mart ayında Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxan vicdan məhbuslarının əksəriyyəti hələ də ictimai və siyasi fəaliyyətlərini bərpa edə bilməyiblər. Belə ki, onlar hazırda daha çox reabilitasiya dövrü keçməyə və ötən illərdə izləyə bilmədikləri prosesləri analiz etməyə çalışırlar. Həbsdən çıxan vicdan məhbuslarının hazırda nəylə məşğul olduqlarını öyrənmək məqsədiylə gununsesi.info onların hər biri ilə əlaqə saxlayıb.
Rəsul Cəfərov: ” Xüsusi işlər hələki yoxdur”
İnsan Hüquqları Klubunun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib ki, həbsdən azad olunduqdan sonar QHT sahəsində çalışır: “QHT sahəsində qanunverciliyin dəyişdirilməsi üçün proseslərdə iştirak etdim. Xüsusi işlər hələki yoxdur”.
Hüquq müdafiəçisi Taleh Xasməmmədov isə hazırda bir neçə şirkətin nümayəndəsi olaraq məhkəmə və digər orqanlarda hüquqi xidmət göstərdiyini söyləyib: “Adlarını açıqlamaq istəmirəm, ancaq çox tanınmış bir neçə şirkətin hüquqşünasıyam. Müqavilə əsasında işləyirəm, onlara həbsdə olub-olmamağım yox, bu sahədə olan bacarığım lazımdır. Hərdən vətəndaşların da bəzi hüquqi işlərinə bacardığım köməyi göstərirəm”
Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadiqov isə Müsavat Partiyasında fəaliyyətini davam etdirir: “Partiyada fəaliyyət göstərirəm və hərdən də mətbuatda məqalələrlə çıxış edirəm”.
Tofiq Yaqublu: “3 il 2 aylıq həbsdən sonra cəmiyyətə adaptasiya olunmaqda çətinliklər vardı”
Müsavat başqanının digər müavini, jurnalist Tofiq Yaqublu isə bildirib ki, Musavat Partiyasında siyasi fəaliyyətini qaldığı yerdən davam etdidir: “3 il 2 aylıq həbsdən sonra cəmiyyətə adaptasiya olunmaqda çətinliklər vardı. Lakin bunu da tədricən yoluna qoyduq. Ölkədəki vəziyyət də hakimiyyətə qarşı mübarizəni diqtə edir. Nə qədər ki, bu hakimiyyət hakimiyyətdədir, Azərbaycanın normal yaşamı olmayacaq. Harda imkan tapıramsa, orada mübarizəylə məşğulam”.
Nemət Pənahl: “Siyasi fəaliyyətimi tezliklə bərpa edəcəyəm”
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı isə deyib ki, azadlığa çıxandan sonra jurnalistlərə müsahibələr verir, qonaqları qarşılayır: “Siyasi fəaliyyətimi hələki bərpa edə bilməmişəm. Həbsdən sonra hələki özümüzə gəlməyə çalışırıq. Ölkədəki siyasi durumu dəyərləndiriəm. Sosial şəbəkədə səhifə açmışam. Siyasi fəaliyyətimi tezliklə bərpa edəcəyəm və mübarizəyə davam edəcəyik”-deyən N.Pənahlı bildirb ki, hazırda ölkədəki mövcud durumu təhlil edir.
Hilal Məmmədov: “Yolumuzu daha da kamil surətdə davam etdirmək niyyətindəyik”
Hilal Məmmədov isə dörd ilə yaxın məhbusluq həyatından azad olunduğu bu iki aydan artıq vaxt ərzində hələki ciddi ictimai və elmi-pedaqoji fəaliyyətlə məşğul olmasa da, bir çox dəvətli beynəlxalq ya ölkədaxili tədbirlərdə böyük məmnuniyyətlə iştirak etdiyini deyir: “Zindanda olarkən cəmiyyətimizin və ölkəmizin ictimai-siyasi durumu, istintaq-məhkəmə prosesləri və i.a. vacib mövzularla bağlı onlarla və bəlkə də yüzlərlə məqalələrimiz bu və ya digər KİV-də dərc edilsə də, əlimizdə bir çox çap edilməmiş yazılarımız qalmışdır ki, bu gün onların yenidən işlənib dərci edilməsinə hazırlaşırıq. Bu dörd illik haqsız həbsimiz zamanı rastlaşdığımız bir çox digər vacib problemlərin də, məsələn, ölkəmizi və dünyanı sabah uçuruma aparacaq narkomaniya bəlasıyla bağlı real mübarizə yolları; Ədliyyə və Penitensiar Xidməti müəssisələrində islahatlar; siyasi və vicdan məhbuslarıyla yanaşı, digər haqsız ya haqlı həbs edilmiş məhbusların da hüquqularının qorunması və i.a. məsələlərin də geniş müzakirəsinə yol açmaq istərdik. Eyni zamanda, elmi-pedaqoji fəaliyyətimizi bərpa etməklə yanaşı, bu gün ölkəmizin bu sahədə də mövcud ciddi problemlərinin həlli ilə bağlı bir sıra maraqlı təkliflərimizi də ortaya qoymaq istərdik. Ümumiyyətlə, desək, cəmiyyətimizin sağlam tərəqqisi naminə əlimizdən gələni əsigəməyəcəyik. Başqa sözlə desək, bu dörd illik zindan həyatı nəinki bizi haqq-ədalət və insan haqqlarının qorunması naminə (həbsdən) öncəki mübarizə yolumuzdan çəkindirmiyəcək, əksinə, bu müddət ərzində topladığımız kifayət qədər bilik, bacarıq və təcrübəmizdən səbir, təmkin və ağılla istifadə edərək, sonu əbədi səadət olacaq yolumuzu daha da kamil surətdə davam etdirmək niyyətindəyik, inşallah!”.
Sabiq vicdan məhbusu Anar Məmmədli isə digər həmkarlarından fərqli olaraq, sorğumuzu cavablandırmadı.
Gülnaz Qənbərli