
Şahbaz 55 yaşa çatdı. Yetkinlik yaşıdır. Az deyil. Lakin 77 zirvəsindən baxanda gənclikdir. O anadan olanda mən artıq Bakıdaydım. Hər kəndə gedəndə onu bir az daha böyümüş görürdüm. Məktəb illərində oxuduğu mahnılarla rayon şənliklərinə qatılırdı. Bu həvəs sonra onu Bakıya Bülbül adına məktəbə gətirdi, gözəl muğam ustası ola bilərdi.
Mədəniyyət unuversitetini bitirdi, Yuq tetrında, “Qanun” jurnalında çalışdı, “Millətin səsi” qəzetini buraxdı. Sonra bütünlüklə kitaba, nəşriyyat işinə bağlandı. Bu sahənin unudulduğu, maraqsız bir iş sayıldığı illərdə çeşidli bürokratik əngəlləri aşaraq “Qanun” nəşriyyatını yaşatdı, böyütdü, “Hər gün yeni kitab” çağırışı ilə kitab nəşrinin və kitab təbliğinin liderinə çevrildi. Onun uğurları bir çoxlarını kitab nəşri ilə məşğul olmağa həvəsləndirdi. Qazanan Azərbaycan mədəniyyəti oldu.
Bu gün Şahbaz beynəlxalq kitab sərgilərinin daimi iştirakçısı, bir çox dünya ölkələrində tanınan və mükafatlandırılan, hər yerdə Azərbaycan kitabını uğurla təmsil edən bir görkəmli mədəniyyət xadimidir. Nə qazanıbsa öz bacarığı və ləyaqəti ilə, halallıqla və ağır zəhməti hesabına qazanıb! Bizə ysraşan budur…
55 yaşın qutlu olsun, əziz qardaşım!
Sabir Rüstəmxanlı
Gununsesi.info