Xalq şairi Sabir Rüstəmxanlı İkinci Qarabağ müharibəsindən bəhs edən “44” bədii filminin nümayişi ilə bağlı təəssüratlarını bölüşüb.
Gununsesi.info-ya danışan Sabir Rüstəmxanlı bildirib ki, filmin nümayişi son zamanlarda yaşanan ən həyəcanlı və təsirli hadisələrdən biri olub.
Onun sözlərinə görə, tədbir Bakıda çoxsaylı ziyalıları, ictimai-siyasi xadimləri, dövlət və mədəniyyət nümayəndələrini bir araya gətirib.
Xalq şairi qeyd edib ki, “44” filminin təqdimatı təkcə kino nümayişi deyil, həm də Azərbaycanın qələbəyə gedən yolunun çətinliklərini və Zəfər sevincini yenidən yaşamaq imkanı olub. O, tədbir iştirakçılarının simasında dövlət-xalq birliyinin yaratdığı qürurun aydın hiss olunduğunu vurğulayıb.
Sabir Rüstəmxanlı filmin rejissor işini, aktyorların ifasını və Azərbaycan Ordusunun gücünü əks etdirən döyüş səhnələrini xüsusi təhlil etmək niyyətində olmadığını bildirərək, təqdimat mərasiminin digər məqamlarına diqqət çəkib.
Onun fikrincə, Azərbaycan Dövlət Simfonik Orkestrinin möhtəşəm ifası, eləcə də şəhid analarının səhnəyə çıxaraq fikirlərini bölüşməsi gecənin emosional təsirini daha da gücləndirib.
Xalq şairi filmin ssenari müəllifini və yaradıcı heyətini təbrik edərək “44” bədii filminin Azərbaycan kino sənətinin böyük uğuru olduğunu qeyd edib.
O, ekran əsərinin milli kinonun dirçəlişində mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Orxan











