Şabran və İsmayıllıda baş verən yanğınlar söndürüldü

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində Şabran rayonunun Çuxurzəmi kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

FHN-in mətbuat xidmətinin məlumatına görə, yanğın nəticəsində təxminən 3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə edilib.

HTML tutorial

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edib.

Həmçinin, İsmayıllı rayonunun Şəbiyan kəndi yaxınlığındakı dağlıq-qayalıq ərazidə baş vermiş yanğın da qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 8 hektar sahədə kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə edilib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.

Gununsesi.info