Şabrandakı güclü yanğınla bağlı yeni məlumat – VİDEO

“Yanan evdən təxliyə olunanlar qohumlarının evinə göndəriliblər”.

Bunu bağlı  Şabran Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Bildirilib, həmin ərazidə yerləşən evlərdən birinin müəyyən hissəsi yanıb:

“İnsanlar hələlik həmin ərazidən təxliyə olunub. Qonşu rayonlara göndərilib. Bütünlükdə xilasetmə qüvvələri evi qorumağı bacarıblar. Hazırda yanğın söndürülməyib. Hələ də davam edir. Güclü külək yanğını söndürməkdə çətinlik yaradır. Lakin yanğının digər evlərə keçməsinin qarşısı alınıb”.

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermiş yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.

Şabranın Zöhramı kəndində alov artıq evlərə keçib.

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, Şabran İH başçısının müavini İlkin Ağayev bildirib ki, alovun evlərə keçməsinin qarşısını almaq üçün tədbirlər görülsə də, yanğın nəticəsində bir ev yanıb.

Onun sözlərinə görə, alovun digər evlərə keçməsinin qarşısı alınır.

FHN-in 10-dan artıq yanğınsöndürən avtomobili və 1 helikopteri alovun söndürülməsinə cəlb olunub.

İlkin Ağayevin sözlərinə görə, Zöhramı kəndindən insanlar köçürülür.

Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür:

“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.

Gununsesi.info