Sabunçu rayonunda Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlərdavam etdirilib

  • By admin
  • 10 Noyabr 2017 12:10

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq  20 oktyabr – 20 noyabr tarixlərində keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində Bakıda və rayonlarda silsilə tədbirlər davam etdirilir.

Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, bu aylıq çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həmin rayon 74 nömrəli tam orta məktəbdə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş şeir müsabiqəsi təşkil olunmuşdur. Həmin tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Ombudsman Aparatının əməkdaşları Nigar Ağayeva və Murad Babayev, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şagirdlər, valideynlər və müəllimlər iştirak ediblər.

Qonaqlar tədbirdə çıxış edərək, Bayraq gününün, uşaqlar arasında vətənpərvərlik hissinin aşılanmasının əhəmiyyətini vurğulamış, hər il Uşaq Hüquqları Aylığı təşəbbüsünün irəli sürülməsinə görə Ombudsman Elmira Süleymanovaya minnətdarlıqlarını bildiriblər.

Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva E.Süleymanovanın adından bayram münasibəti ilə iştirakçıları təbrik etmiş, onun uşaqlarda vətənpərvərlik ruhunun inkişaf etdirilməsinə böyük önəm verdiyini, bunun bariz nümunəsi kimi Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik Məktəbinin fəaliyyət göstərdiyini bildirmişdir. Burada “Azərbaycan – yurdum mənim!” devizi ilə uşaqlara ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, turizmi və başqa sahələr üzrə bilgilər verildiyi, vətənpərvərlik ruhunun aşılandığı, habelə insan hüquqları, o cümlədən uşaq hüquqlarının öyrədildiyi qeyd olunmuş, şəbəkə üzvlərinin ölkə daxilində və xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, müsabiqə və sərgilərdə vətənimizi yüksək səviyyədə təmsil etmələri barədə məlumat verilib.

N.Ağayeva Müvəkkilin dəstəyi ilə adıçəkilən Şəbəkə üzvlərinin vətənpərvər mövzulara həsr olunmuş layihələrdə, o cümlədən hər il yay fəslində Daxili İşlər Nazirliyinin Daxili Qoşunların, Səbail və Quba Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə hərbi vətənpərvərlik təmayüllü “Şahinlər” yay istirahət düşərgəsində iştirakının təmin edildiyini, Azərbaycanın Milli Qəhrəmanı Mübariz  İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksinə səfərlərinin təşkil olunduğunu iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə Sabunçu rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən vətənpərvər mövzuda şerlər səsləndirilmiş və müsabiqədə qalib gələn uşaqlar mükafatlandırılıb.

Bununla yanaşı Uşaq Hüquqları Aylığı çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyəti və Qızıl Aypara Cəmiyyətinin həmin rayon bölməsinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Sosial-İqtisadi Kollecində də Füzuli rayon 5 nömrəli tam orta məktəbinin şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə həmin məktəbin şagirdləri bədii-ədəbi kompozisiya ilə çıxış etdilər. Ombudsman Aparatının əməkdaşları tərəfindən təsisatın uşaq hüquqları ilə bağlı maarifləndirici nəşrləri məktəbə hədiyyə olunub.

Gülnaz Qənbərli

Gununsesi.info