
Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Saday Şəkərlinin şikayətinə baxılıb. Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Bu haqda Gununsesi.info-ya şairin vəkili Bəhruz Bayramov məlumat verib.
Onun sözlərinə görə, prosesdə təqsirləndirilən şəxsin vəkilləri çıxış ediblər: “Apellyasiya şikayətində yazmışdıq ki, qanunvericilikdə dəyişiklik olunub. Buna görə də, S.Şəkərlinin cəzası 182.2.4-cü maddəyə tövsif olunub, haqqında bəraəti verilsin. Dövlət ittihamçısı da S. Şəkərlinin ittiham olunduğu 182.3.2-ci maddənin 182.2.4-cü maddəyə tövsif edilməsini istədi. Ona görə də işin nəticəsindən asılı olmayaraq bəraət verilsə, iş xitam olunacaq. Bəraət verilməsə isə hökm 100 faiz dəyişəcək”-,deyə o bildirib.
Qeyd edək ki,. S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı həbs edilib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. S.Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Proses avqustun 3-də davam edəcək.
Gülnaz Qənbərli