
İsraildə ifrat sağçı fikirləri ilə tanınan Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir İsrailin Qəzza zolağına hücumlarında mövqeyini gücləndirmək üçün bölgəyə humanitar yardımın “bir-iki ay” dayandırılmasını təklif edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ordu Radiosuna verdiyi açıqlamada Ben-Qvir İsrailin Qəzzaya hücumlarda mövqeyini gücləndirmək üçün əlavə addımlar atmalı olduğunu deyib: “Qazı kəsmək, artıq humanitar yardım yoxdur demək kimi hələ etmədiyimiz işlər var, bunları etmədik. Gəlin edək və onları bir-iki ay sonra görək”.
İfrat sağçı Ben-Qvir son vaxtlar Qəzzada məhbus mübadiləsi və atəşkəslə bağlı baş nazir Benyamin Netanyahu ilə ciddi gərginlik yaşayır.
Dünən verdiyi açıqlamada Ben-Qvir Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi ilə bağlı ABŞ prezidenti Co Baydenin açıqladığı saziş layihəsinin ona göstərilmədiyini ifadə edub.
“Hörmətli baş nazir (Binyamin Netanyahu), sən nəyi gizlədirsən?”- deyə vurğulayan Ben-Qvir Netanyahuya bu sözlərlə reaksiya verib.
Xatırladaq ki , ABŞ prezidenti Bayden mayın 31-də Ağ Evdəki çıxışında İsrailin 3 mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini bildirib.
İfrat sağçı maliyyə naziri Bezalel Smotrich və Ben-Qvir Netanyahunu ABŞ prezidenti Baydenin elan etdiyi atəşkəs təklifini qəbul edəcəyi təqdirdə hökuməti devirməklə hədələmişdi.
Gununsesi.info