Sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov oturmalıdır - MTN POLKOVNİKİ

  • By admin
  • 21 İyun 2022 11:50

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsində şöbə rəisinin keçmiş müavini, polkovnik Sahib Ələkbərov dünən keçirilən məhkəməsində növbəti sensasion açıqlamalar verib.

Gununsesi.info xəbər verir ki, Sahib Ələkbərov bu dəfə Baş Prokurorluğun sabiq rəhbərliyini ittiham edib.

Onun sözlərinə görə, 20 ilə yaxın Baş prokurorun birinci müavini vəzifəsini tutmuş Rüstəm Usubovu həbs eləmək üçün yetərincə əsas var.

O, Usubovu onlarla adam oğurluqları və qətllər törətmiş dəstəni himayə etməkdə suçlayıb:

”Söhbət Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili, polkovnik Hacı Məmmədovun rəhbərliyi altında təxminən 10 il fəaliyyət göstərən və 2005-ci ildə ifşa olunmuş dəstədən gedir. Mən icraatımda olan işlərdə nə kimdənsə pul almışam, nə də nəsə tələb eləmişəm. Bu gün təqsirləndirilən şəxs qismində məhkəmə qarşısındayamsa, sağımda Zakir Qaralov, solumda da Rüstəm Usubov dayanmalıdır. Necə ki, burada baş verənləri mətbuat yazır, onlar da bizim kimi ölkə boyu rüsvay olmalıdır”.

 

Xatırladaq ki, sabiq MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsində baxılır. Onlar iş adamlarını qondarma ittihamlarla həbs edib, külli miqdarda pullarını alandan sonra azadlığa buraxmaqda təqsirləndirilirlər. Bu dörd nəfərdən yalnız Şıxəliyev həbsdədir, qalan üç polkovnikin hamısı haqqında istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Son bir neçə məhkəmə iclasında polkovniklər sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovu ittiham edirlər. Deyirlər ki, MTN-in tutduğu adamlar haqqında cinayət işi başlanması, həbs olunması, buraxılması haqqında bütün qərarlar Baş Prokurorluğun rəhbərliyinin göstərişləri əsasında baş verib.
O, vəsatət qaldırıb ki, Qaralov da, Usubov da məhkəmədə dindirilsin.
Ələkbərov MTN tərəfindən qondarma ittihamlarla həbs edilən şəxslərin yaxınlarından külli miqdarda pul alması haqda ittihamları qəbul etməsə də, Usubovla bağlı məsələdə cinayət törətdiyini etiraf edib.
O vurğulayıb ki, həmin vəzifə cinayətinə görə cəzasını çəkməyə hazırdır.
Ələkbərov yada salıb ki, 2005-ci ildə Hacı Məmmədovun dəstəsi ifşa olunandan sonra MTN-də bu dəstənin cinayətlərini araşdıran istintaq qrupunun üzvlərindən biri də özü olub. Araşdırma zamanı ortaya çıxıb ki, dəstənin milliyyətcə çeçen olan üzvlərindən birinin münasibətdə olduğu Rəna Nəsibova adlı qadın onların cinayətləri haqda Baş Prokurorluğun rəhbərliyinə xəbər verib. O, Qaralova rəsmi məktub yazıb, daha sonra Usubovla görüşüb, ona dəstə üzvündən eşitdiklərinin (onların adam oğurluqları və qətllərlə məşğul olduğunu-red.) hamısını danışıb. O cümlədən DİN-də Hacı adlı polkovnikin bu dəstəyə rəhbərlik etdiyini də bildirib.
Usubovla görüşdən az sonra Nəsibova işlədiyi “Knauf” şirkətinin ofisində ölü tapılıb.
“Rəna Nəsibova bu dəstənin kimləri öldürdüyünü, kimləri oğurladığını Rüstəm Usubova desə də, o, heç bir tədbir görməyib, iki formal məktub yazmaqla işini bitmiş sayıb. Az sonra Rəna Nəsibovanın işlədiyi şirkətdə meyiti tapılanda hadisə yerinə ilk gələnlərdən biri Rüstəm Usubov olub”, – təqsirləndirilən Ələkbərovun sözləridir.
Həmin vaxt ekspertizadan rəy alınıb ki, Nəsibova artıq dozada narkotik qəbulundan ölüb. Hərçənd, yaxınları onun ümumiyyətlə, narkotik istifadəçisi olmadığını deyirdi. Hacı Məmmədovun dəstəsinin ifşasından sonra araşdırmalarda Nəsibovanın əslində, boğularaq qətlə yetirildiyi ortaya çıxıb.
MTN polkovniki danışır ki, 2005-ci ildə bu məsələ ilə əlaqədar Baş prokurorun birinci müavini Usubovu dindirib: “Bu məsələni Mövlam Şıxəliyevə məruzə elədim, o, Rüstəm Usubovun həbsinə göstəriş verdi. Amma mən o göstərişi icra eləmədim, buna görə peşmanam. O vaxt göstərişi icra eləsəydim, bu gün burada olmazdım. Rüstəm Usubovun o vaxtdan – onu dindirdiyimə görə mənə qarşı şəxsi ədavəti var. Ona görə məni bu cinayət işinə qatıb, bu gün məhkəmə qarşısındayam. Mən buradayamsa, Rüstəm Usubov da burada cavab verməlidir”.
Digər təqsirləndirilən polkovnik Vüsal Ələkbərov da Qaralov və Usubovun məhkəmədə dindirilməsində israrlı olduğunu deyib. Ələkbərov MTN-də vətəndaşlardan hədə-qorxu ilə pul tələb olunması və s. əməllərə görə bundan öncə 2015-ci ildə həbs olunmuşdu. Ona 5 il həbs cəzası kəsilmişdi.
“Mən ikinci dəfə bu həyatı yaşamayacağam. Hər şeyi olduğu kimi açıb deyəcəyəm. Gözləyirəm ki, Zakir Qaralov, Rüstəm Usubov özləri gəlib burada izah versinlər. Desinlər ki, kimlərinsə haqqında cinayət işi başlanması, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi hansı qaydada baş verib. Xahiş edirəm ki, Sahib Ələkbərovun vəsatəti təmin edilsin”, – Ələkbərov keçmiş iş yoldaşının vəsatətini müdafiə edib.
Zərərçəkmişlər də Qaralov və Usubovun məhkəməyə çağırılması məsələsində təqsirləndirilənlərlə həmrəy olublar. Onlar vurğulayıb ki, barələrində saxta cinayət işlərində onların imzası var və gəlib cavab verməlidir.
Zərərçəkmişlərdən Qulam Bağırov isə Bakı Hərbi Məhkəməsində bu işə baxan hakim Elbəy Allahverdiyevə etiraz edir. Deyir ki, vaxtilə müstəntiq olanda MTN-də Şıxəliyevin rəhbərliyi altında fəaliyyət göstərmiş Allahverdiyev keçmiş həmkarlarının əməllərini ört-basdır eləməyə çalışır. Zərərçəkmişin sözlərinə görə, hakimin heç bir əsas olmadan jurnalistləri bu məhkəmə prosesinə buraxmaması da bundan irəli gəlir:
“Açıq məhkəmə prosesində jurnalistlərin iştirakına imkan vermirsiz. Siz açıq məhkəmə prosesini qapalı keçirməklə faktiki Mövlam Şıxəliyevgilin bizlərə qarşı törətdiklərini ört-basdır eləməyə çalışırsınız. Bu həm də onların əməllərinə şərik olmaq deməkdir. Doqquz aydır məhkəmə gedir, zərərçəkənlərin bir vəsatətini də təmin etməmisiz. Təqsirləndirilən şəxsləri aşkar müdafiə edirsiniz…”
Sabiq MTN vəzifəlilərinin işi üzrə məhkəmə araşdırmaları davam edir.

 

Mayis

Gununsesi.info