Şagirdlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilir

  • By admin
  • 05 May 2017 10:24

03

“Məktəblinin dostu” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilir.

Gununsesi.info-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, yarış “Məktəblinin dostları”nın fəaliyyət göstərdiyi 30 məktəbdə VII-IX sinif şagirdləri arasında təşkil edilir.

Oyunun keçirilməsində əsas məqsəd şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını gücləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

İlk olaraq fevral, mart, aprel ayları ərzində “Məktəblinin dostu” pilot layihəsinə daxil olan təhsil müəssisələrində “Nə? Harada? Nə zaman?” intellektual oyununun məktəbdaxili mərhələsi keçirilib. İki turdan ibarət olan məktəbdaxili mərhələdə şagirdlərə 24 sual təqdim olunub.

Məktəbdaxili mərhələnin sonunda “Məktəblinin dostu” tərəfindən hər məktəbdən I, II və III yerlərin qalibi olan komandalara sertifikat verilib.

30 məktəbin qalib komandaları mayın 7-də “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsində çempion olmaq uğrunda mübarizə aparacaqlar. Oyun üç turdan ibarət olacaq. Final mərhələsində şagirdlər 36 sualı cavablandırmaq üçün rəqabət aparacaqlar.

Sonda qalib komandaya həvəsləndirici hədiyyə, sertifikat və “Məktəblinin dostu” kuboku təqdim olunacaq.

Anar

Gununsesi.info