Şagirdlər arasında insidentlərin sayı niyə artıb?

  • By admin
  • 22 Aprel 2022 11:47

Son vaxtlar məktəblilər arasında insidentlər artmağa başlayıb. Məktəblərdə bu cür problemlərin geniş vüsət alması narahatedicidir. 

Bununla bağlı Publika.az-a danışan psixoloq Fərqanə Mehmanqızı söyləyib ki, təkcə şagirdlər arasında deyil, cəmiyyətdə gərginlik artıb: “Vətəndaşlarımız arasında aqressiya həddindən çox yayılıb. Şagirdlər arasında bu cür insidentlərin yaranması ailədə olan problemlərlə də əlaqələndirilə bilər. Yəni bu gərginlik əslində bütün iaşə yerlərində çoxalıb. İnsidentləri yaradan uşaqların çoxu ailədaxili aqressiyadan əziyyət çəkirlər. Bunun həm psixoloji, həm də fiziki təsirləri var”. 

Psixoloq qeyd edib ki, aqressiv uşaqlarda natamamlıq kompleksi yaranır: “Yetkin insanlar daha çox özlərindən zəiflərə aqressiya göstərir. Yəni sonda aqressiv uşaq məktəbdə insidentlər törədir. Çünki həmin şagird nizam-intizamın nə olduğunu ailədə görməyib. O, məktəbə gəldikdə orada olan qayda-qanunu da pozur. Bu da sonda natamamlıq kompleksinin yaranmasına gətirib çıxarır. Həmin kompleksə tutulmuş uşaqlar məktəbdə özlərini göstərmək üçün bu cür gərginliklər yarada bilir. Bu tip şagirdlərdə davranış pozuntuları olduğu üçün, özlərini göstərmək ehtiyacından doğru yolu seçə bilmirlər. Bəzən belə uşaqları nadinc adlandırırıq. Onların aqressiya yaratmaqda məqsədləri özlərini formalaşmış bir şəxsiyyət kimi göstərməkdir. Ümumiyyətlə, bu cür halların qarşısını almaq üçün məktəblər, bağçalar uşaqlarla işləməlidir. Müəllimlərlə valideynlər görüşərkən bəzi məsələlər haqqında danışıqlar aparıb, bu yöndə məsləhətləşməlidir. Xüsusilə, aqressiv uşaqlarla bir qrup şəklində məşğul olmaq mümkündür. Yəni həm müəllim, həm də valideynlər problemin həllindən dolayı birlikdə addım atmalıdır”.

Sosioloq Əhməd Qəşəmoğlu isə söyləyib ki, əvvəllər tələbə və şagirdlərə müsbət təsir edən bədii əsərlər, filmlər daha çox idi: “Uşaqların davranışına təsir edən 4 mühüm amil var. Onlardan birincisi öz şəxsi psixoloji xüsusiyyətləridir. İkincisi mühit, üçüncü aldıqları informasiya, sonuncu isə onların üstünlük verdiyi dəyərlərdir. Uşaqlarda xoşagəlməz bir halla qarşılaşdıqda bu 4 amili nəzərə alaraq hər şeyi aydınlaşdıra bilərik. Eyni zamanda uşaqların formalaşmasına ailə, cəmiyyət, məktəb, bədii ədəbiyyat və filmlər təsir edir. 40-50 il bundan əvvəl saydığımız amillər tamamilə fərqli idi. Ailələrdə daha ahəngdar bir münasibət mövcud idi. Məktəb isə çox ciddi bir rejim ilə işləyirdi”. 

Sosioloq əlavə edib ki, ailələrdə həddindən çox gərginlik var: “Boşanmalara fikir versək, bilərik ki, ailələrdə bundan ikiqat daha artıq problemlər var. Ailə uşaqların arzuolunan şəkildə davranmasında öz təyinatını yerinə yetirməlidir. Cəmiyyətdə müxtəlif istiqamətlərdə yeni təbəqələr yaranır və hər biri arasında müəyyən gərginliklər var. Vətəndaşlarımız arasında psixoloji sarsıntılar var və cəmiyyət xeyli mürəkkəbləşib. Əvvəllər davranışı formalaşdıran bədii ədəbiyyatlar aradan götürülüb və yeni gətirilmiş dərsliklər isə uşaqların davranışına müsbət təsir göstərə bilmir. Sosial şəbəkələrin də uşaqların davranışlarında xüsusi rolu var. Çünki onlara psixoloji cəhətdən də zərbələr dəyə bilər. Ümumiyyətlə, sosial şəbəkələrin təsirində olan uşaqlar dərslərinə hazırlaşa bilmirlər və real həyatdan kənarlaşırlar. Sadaladığımız amillərin hər biri uşağın aqressiv davranmasına gətirib çıxarır. Yeni nəslin keyfiyyətli olması məktəblərdən asılıdır. Təəssüf ki, məktəbdə tədris olunan dərslər yüksək səviyyədə deyil. Ona görə də bu cür hallar çoxalmağa başlayıb. Bunun qarşısını almaq üçün elmin köməyi ilə fəaliyyət proqramı hazırlanmalıdır”.

Gununsesi.info