Şagirdləri döyən direktorla bağlı ciddi tədbir görüləcək

  • By admin
  • 07 Yanvar 2022 15:59

“Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olaraq bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri ilə birgə paytaxtdakı 9 nömrəli məktəbdə olduq. Məktəb direktoru tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlərlə və məktəb rəhbərliyi ilə görüşdük, səmimi söhbət etdik”.

Gununsesi.info xəbər verir ki, bu barədə İctimai Şuranın sədri Günel Səfərova paylaşım edib.

“Məktəb idarəçiliyində müasir yanaşmaların, təhsilverənlərə və təhsilalanlara qarşı düzgün münasibətin formalaşdırılmasının zəruriliyini nəzərə çatdırdıq, şagirdlərə müvafiq tövsiyələr verdik.

Məsələnin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırıldığını nəzərə alaraq, araşdırmaların nəticələrinin qanunvericiliyin tələblərinə uyğun olacağına, müəllimin və məktəbin nüfuzunun qorunmasına, eləcə də müəllim-şagird münasibətlərinə xələl gətirən halların aradan qaldırılmasına xidmət edəcəyinə inanıram.

Ona da inanıram ki, məktəb direktoru barədə ciddi tədbir görüləcək”, – deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın təhsil ocağında şagirdləri döyməsilə bağlı görüntülər müzakirələrə səbəb olub.

 

Gununsesi.info