“Sağlam dini maarifçiliyə böyük ehtiyac duyulur” - GÜNDÜZ İSMAYILOV

  • By admin
  • 02 Avqust 2016 11:01

gunduz

 

“Cəmiyyətdə sağlam dini maarifçiliyə böyük ehtiyac duyulur. Odur ki, dini icmalar milli-mənəvi dəyərlərimizin təbliği, maarifçilik işinin mərkəzində dayanmalıdırlar. İnsanlar məscidə təkcə ibadət evi kimi deyil, həm də maarifləndirici məkan kimi baxmalıdırlar”.

Gununsesi.info xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G.İsmayıovun sözlərinə görə, ona görə də, bu sahədə dini icmaların və din xadimlərinin üzərinə böyük məsuliyyət və missiya düşür. O, deyib ki,  Azərbaycan  Prezidenti  İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncam da ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi üçün dini icmalara maliyyə yardımı göstərmək məqsədi daşıyır:

“Bu məqsədlə, 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait mərhələli şəkildə xüsusi layihələr çərçivəsində dini icmalara paylanılır. İndiyədək 102 İslam, 19 qeyri-İslam dini icmasına maddi vəsait ayrılıb. Vəsaitin səmərəli şəkildə sərf edilməsi və işlərin yüksək səviyyədə təşkil olunması üçün Dövlət Komitəsi tərəfindən dini icmalara həm təşkilati, həm də informasiya dəstəyi göstərilir.

Həmin vəsait hesabına Dövlət Komitəsinin dəstəyi ilə icmalar tərəfindən dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində Bakı şəhərində və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirilib. Həmçinin ölkəmizdə fəaliyyət göstərən dini icmaların Dövlət Komitəsi tərəfindən keçirilən müxtəlif tədbirlərdə, layihələrdə iştirakı  onların cəmiyyətə inteqrasiyasında ciddi irəliləyişlər yaradıb”.

Gununsesi.info