Şah İsmayıl kitabxanasından oğurlanan Qurani-Kərim: Paşinyan “Fatihə” surəsini Misirə necə apardı? – DETALLAR

  • By admin
  • 07 Mart 2024 11:15

Ermənistanın baş naziri Nikol Paşinyan Misirə rəsmi səfəri çərçivəsində Əl-Əzhər Universitetinin imamı Şeyx Əhməd Məhəmməd ət-Taliblə görüş zamanı ona “Fatihə” surəsinin Matenadaranda (Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzi) saxlanılan 1719-cu ilə aid nüsxəsini təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, Matenadaranda əldə etdiyi faktlar sübut edir ki, orada Azərbaycandan 17-ci əsrdən etibarən oğurlanan yüzlərlə, minlərlə qədim əlyazma, palimpsest, dini kitab, arxeolji qazıntı, daş abidə, xalçalar və s. saxlanılır.

“Öncə kilsələrdə saxlanılan, sonradan Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzinə təqdim edilib. Əldə etdiyimiz görüntülər göstərir ki, Matenadaranın üç mərtəbə, bunker formasında tam məxfi saxlanc yerləri var ki, orda bizdən oğurlanmış tarix gizlədilir. Hazırda Matenadaranda Azərbaycan folkloruna aid 55 əlyazmasını öyrənməyə çalışırıq ki, onlardan 26-sı XIX əsrə, qalanları isə daha erkən dövrlərə aiddir”, – deyə bildirib.

Z.Əliyev qeyd edib ki, əlyazmalar erməni əlifbasına çevrilib saxlansa da, orijinal Azərbaycan dilində olanlar zirzəmi, ikinci mərtəbədə şüşəli sandıqlarda saxlanılır:

“Bir fakt da hazırda surətini götürmək istədiyimiz sənəd Azərbaycan ədəbiyyatı tarixində hökmdar – şair kimi tanınan Qaraqoyunlu hökmdarı Mirzə Cahan şah Həqiqinin “Divan”ının əlyazma nüsxəsidir. Bu, geniş mövzudur. Sual budur: Paşinyanın Misirdə hədiyyə etdiyi “Fatihə” surəsinin əlyazması oraya haradan və necə aparıldı?

Paşinyanın özü ilə apardığı “Fathiə” surəsi Təbrizdən oğurlanaraq aparılan Quran kitabındandır. XVII əsrdə dəri üzərində Təbrizli Əlinin katibliyi ilə yazılan bir Qurani-Kərimdir. Xacə Mir Əli ibn İlyas Təbrizi Əmir Teymurun zamanında artıq nəstəliq xəttinin banisi kimi şöhrət tapmış və Azərbaycanın da daxil olduğu nəhəng bir imperiyanın bütün hüdudlarında hörmətli xəttatlardan sayılırdı. Onun qələmindən çıxmış əlyazmaları indi Londonda, Tehranda, Sankt-Peterburqda muzeyləri bəzəyir. Nəstəliq 15-16-cı əsrlərdə Yaxın Şərqdə, xüsusilə də indiki İran və Azərbaycanda geniş yayılmış və əsasən kitabların üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında və qitələrin hazırlanmasında geniş tətbiq olunub. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüş, bürünc və s. qiymətli metallardan, habelə saxsıdan hazırlanan qabların və s. bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəllərindən isə adi yazılarda da istifadə olunub”.

Z.Əliyev bildirib ki, ermənlər bu Qurani-Kərimi Ərdəbildən, Şah İsmayılın dövründən fəaliyyət göstərən kitabxanadan oğurlayıblar. “Özü də 1828-ci ildə Türkmənçay müqaviləsi imzalanandan sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi qərarından sonra. Özü də oğurlayan kim idi? Dövləti Qacariyyənin, şah hərəminin xədimi, şahın qiymətli daşlarının baş xəzinədarı və mühafizəçisi, erməni Mirzə Yaqub Markaryan. O, sarayda pul oğurlamaqına görə Rusiya səfirliyinə sığındı. Lakin Qribayedov onu qovduqdan sonra küçədə yerli əhali tərəfindən öldürüldü. Lakin öldürülməzdən öncə o, oğurladığı bahalı qiymətli daşları, kitabları və əlyazmaları kiçik qardaşı və başqa iki erməni ilə Tifilisə göndərmək imkanı əldə etmişdi. Ermənilər də Tifilisdən bu kitabı götürüb, Eçmiədzin  kilsəsinə aparıblar. Sonradan isə Matenadarana verilib”, – deyə o vurğulayıb.

Alim qeyd edib ki, hərəm dairəsində xidmətə başlayandan sonra Yaqub baş xacə, adaşı və soydaşı Ağa Yaqub Kutulinin rəhbərliyi altında ərəb və fars dillərini öyrənməyə başlamışdı. Mirzə Yaqub Markaryan yüksək savadlı adamlara verilən “mirzə” tituluna layiq görülmüşdü.

Paşinyanın apardığı “Fathiə” surəsi Matenadaranda 7117 rəqəmi ilə şifrlənmişdi.

Z.Əliyev hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Misirə rəsmi müraciət edib, Azərbaycan xalqına məxsus, azərbaycanlı Təbrizli Əlinin Nəstəliq xətti ilə yazdığı Qurani-Kərimin bir parçası olan “Fatihə” surəsinin əlyazmasını tələb edə bilər.

 

Gununsesi.info