Şah Mahmud Qureyşi: “Modi hökuməti Hindistanı iki yerə bölüb”

  • By admin
  • 29 Dekabr 2019 19:40

Gununsesi.org xəbər verir ki, Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi qonşu Hindistanda baş verən və bütün dünya ictimaiyyəti tərəfindən narahatlıqla izlənən proseslərlə bağlı açıqlama verib. Nazir bildirib ki, Hindistanın Baş naziri Narendra Modinin yeritdiyi siyasət nəticəsində Hindistan ikiyə bölünüb və parçalanıb. Şah Mahmud Qureyşi parçalanmanın səbəbini Hindu millətçilərin söykəndiyi “Hindutva” ideologiyasında gördüyünü bildirib.

“Pakistan hər kəsdən Hindistandakı yeni vətəndaşlıq qanununa, eləcə də Kəşmirdəki vəhşiliklərə qarşı etiraza qalxmağı xahiş edir”. Bazar günü Multanda media qarşısında danışarkən nazir belə deyib.

“Müsəlmanlar, parsislər, xristianlar, sınklər.. Hindistanda hər kəs ölkədə baş verənlərə etiraz edir. Onlar hökumətin yeritdiyi siyasətdən məmnun olmadıqlarını hər fürsətdə nümayiş etdirirlər. Onlar avqustun 5-də ilhaq edilmiş Kəşmiri qeyri-qanuni şəkildə işğal etdilər və bundan sonra Babur Məscidinin yerində hindu məbədi tikmək hökmünü çıxardılar və indi vətəndaşlıq aktı qanunu ilə müsəlmanlara qarşı diskriminasiyaya yol verirlər. Aligarh Universiteti tələbələrinin (müsəlman) başına gələnləri hamı gördü”, deyə nazir qeyd edib.

Xarici işlər naziri Pakistanla Hindistan arasında hər hansı bir dialoqun aparılmasının çətin olduğunu bildirib: “Kəşmirdə komendant saatı tətbiq ediblər, bəzi məscidlər zorla bağlanıb. İndi nəyi müzakirə edəcəyik? Bizim müzakirə edəcəyimiz bir şey qalmayıb”.

 

Gununsesi.org