Şahbaz Xuduoğlu müvafiq instansiyalara və məhkəməyə müraciət edəcək
“ “Qanun” Nəşriyyatında hazırda iş rejimi bərpa olunub”. Bu haqda Gununsesi.info-ya “Qanun” Nəşriyyatınını sahibi Şahbaz Xuduoğlu məlumat verib. O bildirib ki, baş verən qeyri-qanuni axtarışla bağlı müvafiq instansiyalara, eləcə də məhkəməyə müraciət edəcək: “Məhkəməyə müraciət etmək üçün də sənədlər hazırlayıram. Hazırda bizi ən çox maraqlandıran binanın nəzarətə götürülmə səbəbləridir. Şəxsi mülkiuyyət hüququmuz pozulub. İki gün iş yerimizə daxil ola bilməmişik. Həm də bununla bağlı mənəvi kompensasiya məsələsini qoyacağıq”, – deyə o bildirib.
Qeyd edək ki, nəzarəti Bakı Şəhər Baş Polis İdarəsi və DİN-nin Baş Cinayət Axtarışı İdarəsi həyata keçirib.
Xatırladaq ki, iyunun 10-u axşam saatlarından başlayaraq, “Qanun” nəşriyyatı polis əməkdaşları tərəfindən axtarışa məruz qalıb. “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu qurum ətrafında baş verən prosesləri şərh edərkən deyib ki, polislər ilk dəfə nəşriyyata gələndə bildiriblər ki, Daxili İşlər Nazirliyinin “102 çağrı mərkəzi”nə binada bomba olması barədə məlumat daxil olub. Başqa bir polis əməkdaşı isə nəşriyyatda meyitin olması haqda onlara məlumat verildiyini söyləyib. Əraziyə təxminən 15-20 polis əməkdaşı gəlib. Onlar nəşriyyata daxil olduqda iş saatı qurtardığı üçün əksər otaqlar bağlı olub. Polis əməkdaşları qapısı açıq otaqlarda yoxlama aparıblar və nəşriyyatda olan insanlar binadan çıxarılaraq obyekt nəzarətə götürülüb. Nəşriyyatın işçiləri iki gün müəssisəyə buraxılmayıblar. Bina 2 gün polis nəzarətində olub. Əsas qapının açarı polis əməkdaşları tərəfindən götürülüb və mühafizəçinin telefonu əlindən alınıb
Gülnaz Qənbərli