
Bu gün saat 13:50 radələrində Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Gununsesi.info-ya açıqlamasında bildirib ki, daha sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara yaxın ərazini əhatə edib. O qeyd edib ki, naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində 15-40 radələrində söndürülüb.
Yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb. Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır.
Gununsesi.info