Sahibkarlar ƏDV depozit hesabındakı vəsaiti sosial ödənişlər üçün istifadə edə biləcəklər

Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl bölmə təmsilçiləri ƏDV depozit hesablarında olan vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna köçürmələr edə biləcəklər.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, “Vergi Məcəlləsi”nə təklif edilən dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

O qeyd edib ki, təklif olunan dəyişikliklər sahibkarların ƏDV depozit hesablarından istifadə imkanlarını genişləndirəcək. Yeni qaydalara əsasən, vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitdən sosial öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etmək imkanı yaradılacaq. Bu isə həm əlavə maliyyə mənbələrinin formalaşmasına, həm də qeyri-neft-qaz özəl bölməsində fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.

Vüqar Bayramov bildirib ki, indiyədək bəzi hallarda sahibkarın ƏDV depozit hesabında kifayət qədər vəsait olsa da, həmin vəsaitdən sosial ödənişlər üçün istifadə etmək mümkün olmurdu. Nəticədə sahibkar digər maliyyə vəsaitlərini bu ödənişlərə yönəltməli olurdu. Yeni dəyişiklik isə sahibkarlara seçim imkanı verəcək. ƏDV depozit hesabında vəsait olduğu halda sosial ödənişləri həmin hesabdan həyata keçirmək mümkün olacaq.

Deputat əlavə edib ki, dəyişikliklər təsdiqlənəcəyi təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək və 4 il müddətində tətbiq ediləcək.

 

 

Şəbnəm

Gununsesi.info