Sahibkarların elektrik şəbəkəsinə qoşulması asanlaşdı

  • By admin
  • 11 May 2017 16:12

IMG_7381[1]

“Sahibkarların elektrik enerjisi şəbəkələrinə daha rahat qoşulması üçün prosedura və tələblərin müəyyənləşdirilməsi sözügedən subyektlərin fəaliyyətini asanlaşdıracaq”.

Gununsesu.info-nun xəbərinə görə,  bu haqda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Ramil Hüseyn belə deyib. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yer alan tədbirlərdən biri kiçik və orta sahibkarlıq (KOS)  subyektlərinin müvafiq kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi ilə bağlı idi: “Bu tədbirə əsasən KOS subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurlarının sadələşdirilməsi, o cümlədən texniki şərtlərin verilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək və bu prosesin tam elektronlaşdırılması üçün tədbirlər sürətləndiriləcək. Cənab Prezident tərəfindən imzalanan Fərman sahibkarların elektrik enerjisini daha rahat əlçatanlığı təmin etməklə yanaşı Strateji Yol Xəritəsinin qeyd edilən tədbirinin reallaşmasına xidmət edir. Belə ki, Fərmanda aydın şəkildə sahibkarın tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulmasını üç mərhələ olmaqla 24 gündən gec olmayaraq təmin olunması əksini tapıb.

Fərmanın əsas özəlliklərindən biri qeyd olunan tələblərə uyğun texniki sənədin ASAN Kommunal mərkəzlərində verilməsidir.  Birinci mərhələ mahiyyət etibarı ilə sahibkarın müraciəti əsasında mərkəz tərəfindən  texniki şərtlərin və layihə smeta sənədlərinin hazırlanaraq sifarişçiyə təqdim edilməsi, ikinci mərhələ layihə smeta sənədlərinin dəyərini ödəməklə, tikinti quraşdırma işlərinin aparılması, o cümlədən  tikinti obyektinin elektrik təchizatı şəbəkəsinə fiziki qoşulmasını özündə ehtiva edir. Sonuncu mərhələ isə hazır tikinti obyektinə elektrik enerjisinin verilməsindən ibarətdir”.

Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunan müvafiq sənədlərə toxunan R.Hüseyn:  “Dövlət başçısının Fərmanında xüsusi olaraq vurğulanıb ki, Fərmanda nəzərdə tutulmayan məlumatlar və sənədləri sahibkarlardan tələb edilə bilməz.  Habelə, enerji təchizatı müəssisəsi sahibkarların kommunal mərkəzlərlə verdikləri məlumatı qeydiyyata alır və hər hansı çatışmazlıq olduğu halda dərhal sahibkara məlumat verilir. Bundan əlavə sahibkarların fəaliyyətini asanlaşdıran daha bir məsələ qeyd olunan bütün prosedurların elektron qaydada yerinə yetirilməsinin mümkün olmasıdır. Sahibkarlar tələb olunan sənədləri elektron formada göndərə, o cümlədən digər prosedur və ya mərhələləri elektron qaydada həyata keçirə bilər” -, deyib.

İİTKM-nin eksperti aparılan islahatın Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyinə  təsir edə biləcəyi qənaətindədir: “Beynəlxalq hesabatlarda, xüsusilə “Doing Business” hesabatında sahibkarların elektrik enerjisinə əlçatanlığı ilə bağlı ayrıca indikator mövcuddur. İndikator ölkədə elektrik enerjisinə qoşulmaya sərf olunan zaman, tələb olunan sənəd və çəkilən xərcə uyğun olaraq ölkənin mövqeyini formalaşdırır. Sözügedən sahə ilə bağlı aparılan son islahat ölkəmizin mövqeyinə müsbət təsir edəcəyi gözlənilir”.

Gülnaz Qənbərli

Gununsesi.info