Sahibkarların milyonlarla manatını mənimsəyən şəxs hakim qarşısında

Bakıda vətəndaşlara qarşı milyonlarla manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

Gununsesi.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, 2012-ci ildən elektrik kabellərin satışı ilə məşğul olub: “2016-cı ildə bu iş üzrə zərərçəkmiş olan Liliya Muxievanın həyat yoldaşı Qəriblə tanış olmuşam. O, mənə PVS biznesi üçün 80 min dollar pul verib. Həmin pulu bank yolu Əhməd Mütəllimov və Şənlik Şükürovun hesabına pul göndərmişəm. Qəribə xeyir olaraq 40-45 min dollar pul vermişəm. Tamerlan evini ipotekaya qoyub mənim adıma 200 min dollar pul çıxarıb, o pula mənim əlim belə dəyməyib. Həmin pulu da Şənlik Şükürovun hesabına vurmuşam. 342 min manata yaxın pulu “Ekspress Bank”dakı hesabına qoymuşam. Tamerlana 70 min dollara yaxın xeyir vermişəm. Hacıbala Məlikova məxsus telefon dükanından 2400 manatlıq nisyə telefon götürmüşdüm, onu da evimdəkilər veriblər. Əhməd ifadəsində bildirir ki, 885 min manatlıq mal göndərib, lakin gömrükdən belə mal gəlməsi ilə bağlı heç bir məlumat yoxdur. Bu məbləği də borc kimi göstərir. Dəfələrlə demişəm ki, mənim “ASAN İmza”mı verin, görüm, mən nə qədər pul göndərmişəm, nə qədər pul qalıb. 2023-cü ilin mart ayında “ASAN İmza”mı məndən aldı, daha doğrusu, mənim mühasibimdən götürüb verdi öz mühasibinə. Məndən qabaq Əhməd Mütəllimov Tamerlanın başına oyun açıb. Əhməd mənə bilet alıb ki, gedək İrana mal gətirməyə. Gedirəm aeroporta məni tuturlar ki, borcun ola-ola ölkədən qaçırsan”.

Təqsirləndirilən şəxs Əhməd ilə olan votsap yazışmalarını məhkəməyə təqdim edərək bildirib ki, Əhmədlə internetdə maşın alanda tanış olub: “Həmçinin müvəqqəti saxlama təcridxanasında olduğum zaman cinayət işində “zərərçəkmiş” Əhməd Mütəllimov müstəntiq Elnur Məmmədovun vasitəsilə orada mənimlə görüşüb. O, məni məcbur edirdi ki, ona verdiyim pulları Tamerlan Rəşidova verməyim barədə ifadə verim. Mən isə onun dedikləri razılaşmadım. Çünki mənim aeroportda həbs olunmağıma səbəbkar elə Əhmədin özü olub. Belə ki, Əhməd aramızda pul mübahisəsini həll etmək üçün məni Türkiyəyə dəvət etdi. Hətta səfərim üçün bileti də o almışdı. Mən də səhər 6-da hava limanında saxlanıldım. Şənlik Şükürovun qohumu, “Master Holdinq Makina” şirkətinin rəhbəri Dilbər Aslanovanın adı ittiham aktından çıxarılıb. Axı, onun mənə borcu ola-ola adı niyə çıxarılıb? Dilbər ibtidai istintaq dövründə üzümə durub. Halbuki onun mənə 490 mində manatdan çox borcu olub. Şənlik Şükürov, ümumiyyətlə, istintaqa cəlb edilməyib, onu gizlədirlər. Halbuki onun xaricdəki şirkətlərinə 2 milyon 500 min manatdan çox pul göndərilib və əvəzində mal göndərməyib”.

Daha sonra məhkəmə vaxt azlığından təqsirləndirilən şəxsə sual cavab mərhələsini təxirə salmaq məcburiyyətində qalıb.

Məhkəmənin növbəti iclası iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

 

Gununsesi.info