Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə sentyabrın 14-də məhkəmə prosesi hakim Əlövsət Abbasovun sədrliyi ilə öz işini davam etdirilib.
Gununsesi.info-nun xəbərinə görə, prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşı Kənan Heybətov ifadə verib.
Onun ifadəsinə görə, daxil olan məlumat əsasında Nardaranda Taleh Bağırovun olduğu evdə əməliyyat keçirilməsinə qərar verilib. Əməliyyat zamanı atışma baş verib. Nəticədə iki polis əməkdaşı həlak olub. Əməliyyat zamanı K. Heybətov Bəhruz Əsgərovu zərərsizləşdirdiyini qeyd edib. Bildirib ki, B. Əsgərovun əlində qumbara və beşbarmaq var idi.
Prokurorun suallarını cavablandıran K.Heybətov bildirib ki, B. Əsgərovu zərərsizləşdirərkən onun bədənində güllə yarası olduğunu görüb. O qeyd edib ki, B.Əsgərova güllə atıb, lakin ona dəyib-dəyməməsini bilmir. Prokuror ondan hansı geyimdə olduqlarını soruşub. K. Heybətov bütün əməkdaşların xüsusi geyimdə olduğunu söyləyib.
Daha sonra vəkillərin suallarını cavablandıran şahid əməliyyatda başqa strukturun əməkdaşlarının iştirak etmədyini də vurğulayıb. B. Əsgərov isə onu K. Heybətovun saxlamadığını, onu ilk dəfə BMCMİ-də gördüyünü deyib. B. Əsgərov hadisə zamanı güllə yarası aldığını və xəstəxanaya kənd camaatı tərəfindən aparıldığını da söyləyib.
Proses günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Gülnaz Qənbərli
Gununsesi.info