Şahid: “Filialda kredit verilən şəxslər oradan pul götürməyiblər”

  • By admin
  • 05 Sentyabr 2016 16:04

 

bank

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Gununsesi.info-nun məlumatına görə, prosesdə Tahir Məcidov şahid qismində ifadə verib. T. Məcidov bildirib ki, bankın Sabunçu filialında xəzinədar işləyib. Onun sözlərinə görə, kredit ayrılarkən filialda pul olmayıb, həmin kreditlərlə bağlı sənədləşmə aparılılb, müdir deyib ki, pulu baş idarədən götürəcəklər.

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov ifadə verib. O bildirib ki, idarəyə Azad Cavadovun evində odlu silah saxlaması barədə məlumat daxil olub.

Onlar da həmin evə gedib, axtarış aparıblar. Həmin evdən tapanca, altı ədəd güllə tapılıb.

İclasda hal şahidi qismində Ulduz Məmmədov ifadə verib. O bildirib ki, Azad Cavadovun evində aparılan axtarışda iştirak edib və evdən silah tapılmasının şahidi olub.

İclasda ifadə verən Kamil İbadov adlı şəxs bildirib ki, hazırda Beynəlxaq Bankın Sabunçu filialının müdiri işləyir. Onun sözlərinə görə, filialda kredit verilən şəxslər oradan pul götürməyiblər, yalnız sənədləri imzalayıblar.

Proses sentyabrın 7-də  şahid ifadələriylə davam edəcək.

Gülnaz Qənbərli

Gununsəsi.info