Şahin Cəfərli: “Ermənistan Belarusla əlaqələrinin kəsilməsindən çəkinmir”

  • By Günel
  • 22 Avqust 2024 16:35

Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya 1” telekanalına müsahibəsində Ermənistan hökumətini və onun siyasətini sərt tənqid edib.

Gununsesi.info -nun xəbərinə görə, Lukaşenko “Ermənistan siyasətini görürsünüz? Bu necə siyasətdir? Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Nə Fransa, nə Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq, – deyə Paşinyan hökumətini ittiham edib.

Prezidentin tənqidi fikirlərindən qəzəblənən bir qrup erməni və Respublika Uğrunda Partiyasının nümayəndələri səfirlik binasının qarşısında etiraz aksiyası keçiriblər.

Bu iki ölkə arasında olan gərginlikdən sonra nələr gözlənilir? Münasibətlər hansı şəkildə davam edəcəkdir?

Gununsesi.info– ya danışan siyasi şərhçi Şahin Cəfərli deyib ki, hazırkı gərginlik Ermənistan-Belarus münasibətlərindəki ilk gərginlik deyil.

Şahin Cəfərli vurğulayır ki, bundan əvvəl də Ermənistan baş naziri Paşinyan belə bir bəyanat vermişdi ki, biz Belarusla bütün rəsmi təmasları dayandırır və Belarusa nə özü, nə də Ermənistan hökumətinin hər hansı nümayəndələri heç vaxt rəsmi səfər etməyəcək: “Gərginliyin davam edəcəyini düşünürəm. Əslində, münasibətlərin keçmişinə nəzər salsaq, görərik ki, Ermənistan və Belarus kağız üzərində müttəfiq olsalar da, praktikada bu müttəfiqlik heç vaxt öz əksini tapmayıb. Belarus hər zaman Azərbaycanla daha yaxın münasibətlər qurub. Ermənistan isə onun Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatı (KTMT) üzrə müttəfiqi olsa da, real həyatda bu müttəfiqlik müşahidə olunmayıb. Bu səbəbdən, münasibətlər heç vaxt ciddi inkişaf etməyib. Digər tərəfdən, iki ölkənin ticarət dövriyyəsinin həcminə nəzər saldıqda, görürük ki, bu ticarət həcmi elə də böyük deyil. Yəni Ermənistan Belarusla əlaqələrin kəsilməsindən ehtiyatlanmır. Çünki bundan çox da ciddi zərərə məruz qalmayacaq. 2023-cü ilin yekunlarına görə, Ermənistan-Belarus ticarət dövriyyəsinin həcmi 181 milyon dollar təşkil edib və bu kifayət qədər aşağı rəqəmdir. Müqayisə üçün deyək ki, Ermənistanla Rusiya arasında eyni dövrdə, yəni ötən il ticarət dövriyyəsinin həcmi 7 milyard 300 milyon dollar olub”.

Siyasi şərhçi hesab edir ki, Ermənistan Rusiya münasibətlərində də soyuqluqlar olsa da, Ermənistan Rusiya ilə münasibətləri pozmaq lüksünə sahib deyil: “Hələlik riskə getmir. Amma Belarusla münasibətlərdə, bu riskə gedir, çünki itirəcəyi ciddi bir şey yoxdur. Yəni 180 milyon dollarlıq ticarət həcmi olsa nə olacaq, olmasa nə olacaq? Bunun Ermənistana da, Belarusa da, hər hansı bir ciddi faydası yoxdur. Bu baxımdan, mən Ermənistan-Belarus münasibətlərindəki soyuqluğun davam edəcəyini düşünürəm. Bu münasibətlərdə yaxın müddətdə hər hansı bir istiləşmə gözləməyə dəyməz. Ümumən, müşahidə olunan odur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində çox ciddi problemlər var. Həm Ermənistan-Belarus münasibətləri, son olaraq Belarus-Qazaxıstan münasibətlərində də bir anlaşılmazlıq yaranıb. Belə ki, Lukaşenko öz açıqlamalarında Qazaxıstanın mövqeyini tənqid eləmişdi və Ukraynanın Kursk əməliyyatına Qazaxıstanın qənaətbəş mövqe ortaya qoymadığını bildirmişdir. İndi Qazaxıstan hökuməti Lukaşenkonun bu açıqlamaları səbəbi ilə Belarus səfirini dəvət eləyib, ona rəsmi etiraz bildiriblər. Yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində ciddi bir böhran situasiyası yaranıb və görülən odur ki, bu təşkilat faktiki olaraq öz funksiyalarını yerinə yetirməkdən çox uzaqdır”.

Siyasi ekspertin sözlərinə görə, təşkilatın üzvü Rusiya ərazisi faktiki olaraq başqa bir dövlət tərəfindən ələ keçirilib: “Yəni Rusiya ərazisinin bir hissəsi bu gün Ukrayna tərəfindən ələ keçirilib və Ukrayna ordusu orada hərbi əməliyyat keçirir. Təşkilatın nizamnaməsinə əsasən, bu təşkilat Rusiyaya dəstək verməlidir. Amma belə bir dəstəyi biz müşahidə etmirik. Nəinki hərbi, hətta siyasi dəstək belə Rusiyaya verilmir. Bu baxımdan, məncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çoxdan öz ömrünü tamamlayıb və bu təşkilat yalnız kağız üzərində hərbi blokdur. Real həyatda isə öz hərbi blok və ittifaq keyfiyyətlərini çoxdan itirib”.

 

Günel Həsənova

Gununsesi.info