Şahin Mustafayev EBRD-nin vitse-prezidentini qəbul edib

  • By admin
  • 23 Noyabr 2017 18:35

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) bankçılıq üzrə vitse-prezidenti Alan Pilo ilə görüşüb.

Gununsesi.info İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Bank arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, ölkədə aparılan iqtisadi islahatların nəticələri müzakirə edilib.

Nazir tərəflər arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu, Bankın Azərbaycanda özəl sektorun maliyyələşdirilməsi, enerji, infrastruktur və s. sahələrə dəstək göstərdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və EBRD arasında mühüm layihələrdən olan Cənub Qaz Dəhlizi layihəsi həm Azərbaycan, həm də Avropa üçün önəmlidir. Bu baxımdan EBRD-nin Direktorlar Şurasının Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan TANAP layihəsinin maliyyələşdirilməsinə vəsait ayırmasını təsdiq etməsi əhəmiyyətlidir.

EBRD ilə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşən Ş.Mustafayev Bankın infrastruktur layihələrinin reallaşdırılmasına və biznesin inkişafına dəstək göstərməsinin önəmini diqqətə çatdırıb. Bildirilib ki, EBRD-nin maliyyə dəstəyi ilə Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun, Bəhramtəpə-Biləsuvar və digər avtomobil yollarının tikintisi nəzərdə tutulur. Azərbaycan tullantıların idarə olunması, ekoloji və KOS-lara dəstək sahələrində də Bankla əməkdaşlıq edir. Bankın baş ofisində Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək.

A.Pilo Azərbaycanda iqtisadi sahədə, o cümlədən sahibkarlığın inkişafı, gömrük, lisenziyalaşdıma və digər sahələrdə aparılan islahatları vurğulayaraq, Bankın bu addımları dəstəklədiyini diqqətə çatdırıb. EBRD-nin Direktorlar Şurasının Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsinə dair sənədi təsdiq etməsini qeyd edən A.Pilo layihə çərçivəsində Bankla Azərbaycan arasında sıx əməkdaşlığın həyata keçirildiyini və layihənin önəmli olduğunu vurğulayıb. Bildirilib ki, Bank Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına hər zaman dəstək göstərməyə hazırdır. Bundan başqa, KOS-lara maliyyə dəstəyinin göstərilməsi, banklara maliyyənin ayrılması və bərpa olunan enerji sahələrində də əməkdaşlıq imkanları genişdir.

Gununsesi.info