Şahin Mustafayev ixracatçılara müraciət etdi…

  • By admin
  • 08 May 2017 07:30

sahin

İqtisadiyyat Nazirliyi gələn il fevralın 18-22-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Gulfood” Beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak etmək üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, vahid ölkə stendində maksimum 50 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında noyabrın 17-də AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 bal). Meyarların cəmi üzrə keçid balı minimum 20 baldır.

Vahid ölkə stendində iştirak etmək üçün ərizə, nümayiş olunacaq məhsulların siyahısı, sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar oktyabrın 30-dək AZPROMO-ya təqdim edilməlidir.

Gununsesi.info