Şahzadə və dilənçi: Dünyanın Koronavirus bəlası şahzadə Çarlza da bulaşdı – Ləman Ələşrəfqızı yazır...

  • By admin
  • 26 Mart 2020 15:00

Koronaviruslu günlərin  dadını evdə oturub sənədli filmlərə baxmaqla çıxardıram. Böyük Britaniya taxt tacının vəliəhdi şahzadə Çarlzın koronavirusa yoluxması xəbərini də Vindzor sarayında cərəyan edən hadisələrlə bağlı zaman-zaman çəkilən silsilə filmləri oturub ardıcıllıqla izlədiyim bu günlərdə eşitdim. Aman Allah! Bəs Kamilla?! O məlun, o ifritə bəs yoluxmayıbmı?  Yox, 72 yaşlı hersoginya Kamilla Parker Boulzda testin nəticələri neqativ çıxıb. Virus – virusu qapmır məsəli.

Soruşarsız ki, sənin Kamilla ilə nə işin? Bu ki bizim milli kamalardan – kamilə və ya kəmalələrdən deyil ki,  nəsə sözünüz çəp gəlib düşünək? Yox, deyil, amma kamalar hər yerdə var, o cümlədən Böyük Britaniyada da, Vindzor  kimi saraylarda da. Düşünürəm ki, şahzadə Diananın da ən başlanğıcdan həyatını qaraldan Kamilla oldu. Evliliyin ilk günlərindən Çarlz-Diana cütlüyünün arasına virus kimi dürtülməklə?!  O olmasaydı, kim bilir, dünya Diana ilə nə qədər gözəlləşəcəkdi!

Dünya isə hər gün bir az daha çox  gözəlliyini itirir, viruslaşır. 71 yaşlı şahzadə Çarlızın timsalında göründüyü kimi, koronavirus başı “korona”lılara da bulaşır, “korona”sızlara da. Başqa sözlə, şahzadə və dilənçi bu gün eyni azardan əziyyət çəkir. Dünya sanki  özü ilə dalaşır, cəng edir, müharibə aparır. Sadəcə, topsuz-tüfəngsiz, səssiz-səmirsiz. Təəssüf ki, nə Hersoginya Kamilla bunun fərqindədir, bəs bizim Kamilə xalalar?  Niyəsini soruşursuz? Bircə saniyə, deyirəm. Böyük Britaniya koronavirusun ən çox yayıldığı 10-cu ölkədir və bu  ölkədə 8 000-dən artıq insanın virusa yoluxduğu, dörd yüzdən artıq insanın  qurbana çevrildiyi bir vaxtda şahzadə və xanımı ictimai tədbirlərə yasaq qoymayıb, görüşlərinin davam etdirib. Hər halda, dünya mətbuatı belə yazır.

Bizim Kamilə xalalara gəlincə, onlar da ayağını dəng almırlar. Onlar da hər yerdədirlər – dükanda, bazarda, məhlədə, metroda, avtovusda. Hərçənd, “evdə qal !”  tələb-yasağı hamıya tətbiq edilib, amma və lakin adamlarımız  öz canlarından  bezmiş  kimi davranış sərgiləyirlər. Anlamırlar ki, hər canından bezən yüzlərlə, minlərlə canından bezmiyəni də təhlükə altına atır. Xəstəliyin Avropada ildırım sürəti ilə yayılması buna sübutdur.

Yeri gəlmişkən, Azərbaycan bu dəfə sözün əsl mənasında Avropadan yaxşı mənada fərqləndi. Niderlandda yaşayan bir dostumuzla səmimi  söhbətdən sonra bu qənaətimdə bir az qətiyəm. Dostum deyir ki, Azərbaycanda dezinfeksiya işlərindən tutmuş ta həkim nəzarətinə qədər hər bir iş mükəmməl təşkil olunub. Məsələn, Niderlandda   temperaturu 39 , bəzən 40 dərəcəyə qalxan xəstə üçün ambulans gəlmir. Gəlsə də, ancaq qocalar üçün. Bu, Amerikada da belədir. Azərbaycanda isə əksinə, sahə həkimləri qapıları bir-bir gəzərək insanların səhhəti ilə maraqlanır, qızdırması olanı xəstəxanaya götürürlər.  Azərbaycanda yeganə narazılıq doğuran məsələ tibbi maska və spirtin qəhətə çıxmasıdır. Maskanın çarəsini tapmaq olar, ən pis halda yaşmanıb çölə çıxacağıq. Spirtə gəlincə, məncə, bunu dərd eləməyə dəyər.  Klassik təcrübə və ya klassiklərimizin  təcrübəsi deyir ki, spirtin  apteklərdə çox olmasında bir fayda var.  100 il qabaq Mirzə Cəlil belə yazırdı:

“Bir neçə gün bundan əqdəm üçüncü milis dairəsinin müavini yoldaş Qurbanova qulluq işindən ötrü Bakıdan çıxıb Saraya tərəf getmək lazım olur və soyuqdansa, qeyri bir səbəbdənsə, bunun  qarnı yolda ağrımağa başlayır. Özünü bir tövr Saray qəsəbəsinə yetirib gedir oranın təcrübəli və dünyagörmüş həkiminin yanına. Həkim azarlıya baxır və gətirib buna bir dava içirdir. Azarlı davanı içən kimi dik atılır və gözlərindən başlayır od yağmağa. Qurbanov hay-haray eyləyir: ay həkim, başına dönüm, bu nə davadır? Mən yandım, yaxıldım!

Azarlı başlayır dəli kimi atılıb-düşməyə. Axırda mətləb açılır. Demə ki, həkim Qurbanov yoldaşa gərçək yağı verəcək imiş, kef havasına spirt verib. Axırda həkimdən sual-cavab etdikdə deyir ki, mən bu müalicə üsulunu təzə ixtira etmişəm.

Doğrudan da hərçənd Qurbanov az qalmışdı dəli olsun və az qalmışdı ciyərləri parçalansın, amma qarın ağrısı da öz-özünə rədd oldu getdi”, – yazırdı “Cəlil Məmmədquluzadə “Dəli” imzası ilə özünün “Təzə müalicə üsulu” adlı məqaləsində.

İndi dünyanın qarın ağrısına çevrilən koronavirus da bir gün rədd olub gedəcək, əlbət. Amma kaş ki, bu bizim həkimlərimizin əli ilə olaydı. Məsələn, apteklərdə spirt tapılsaydı, Saraylı  və ya qeyri Saraylı  bir həkim  yoldaş Qurbanovun və Qurbanovanın boğazına bir şüşə spirt boşaldırdı və qismətdən o da sağalaydı. Biz də dünyaya deyərdik ki, bu, təzə müalicə üsuludur. Bircə kaş  apteklərimizdə spirt tapılsın. Bunu xəstəyə tətbiq edəcək həkimlər mütləq tapılacaq.  Bunu da mən dəli deyirəm.

 

Ləman Ələşrəfqızı xüsusi olaraq,

Gununsesi.org üçün