
Yay gəldi əhalinin su problemi daha çox gündəmə gəldi. Əsasən də suyun istifadə haqqını əvvəlcədən ödəyənlər dilə gəldilər. Onlar sərfiyyatın pulunu əvvəlcədən ödəsələrdə, suyun verilməsində yaranan əngəllərin səbəbini bilmirlər.
Gununsesi.info– ya müraciət edənlər bildiriblər ki, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 35 D binasının sakinləri etiraz aksiyası keçiriblər.
Narazı sakinlər bildirib ki, yaşadıqları binanı 2014-cü ildə təhvil alıblar. İstilik sistemini “Azəristiliktəchizat” ASC, su sistemini “Azərsu” ASC boynuna götürüb. Müqavilə bağlanıb, razılaşdırılıb. Müqaviləyə əsasən, bina 24 saat isti su ilə təmin olunmalıdır: “Buna görə də bütün sakinlər aylıq pul da ödəyirlər. Ancaq bir həftədən çoxdur ki, “Azəristiliktəchizat” isti suyumuzu kəsib. Bu yayın günündə susuz qalmışıq” -, deyirlər,
Binanın komendantı Məhəmməd Məmmədov isə bildirib ki, bina nə qədər “Neftçi” MTK-nın balansında idi, hər şey qaydasındaydı, lakin elə ki, “Azəristiliktəchizat” qazanxananı təhvil alıb, həmin vaxtdan sakinlərin problemləri başlayıb:
“O gün, bu gün problem içindəyik. Qışda istiliyi 10 gün gec, 5 gün tez kəsirlər. Artıq bir neçə dəfədir ki, belə edirlər. Binadan isti su üçünödəniləcək pulu “Azəristiliktəchizat” yığır. Ancaq bunun müqabilində xidmət göstərmir. Çünki “Azəristiliktəchizat” “Azəriqaz”a borcu var. Onu ödəmədiyinə görə də “Azəriqaz” qazanxananı bağlayıb. Biz də bir həftədir qalmışıq isti susuz. Mənzillərdə də nə kombi sistemi, nə da başqa nəsə var. Binanın sakinləri uzun illər neft sahəsində çalışanlardır. Xəstəsi var, yaşlısı var, körpəsi var. Nə edək, hara şikayət edək bilmirik”.
Komendant bildirib ki, bununla bağlı dəfələrlə “Azəristiliktəchizat”a müraciət etsələr də, təsiri olmayıb: “Sakinlərin borcu yoxdursa, axı hansı haqla onların suyu kəsilməlidir? Baaşa düşmürük….. Bina 303 mənzildən ibarətdir. 1000-dən çox sakini var. Bir həftə ərzində bu qədər insanı susuz qoymaq bilirsiniz nə deməkdir? Yayın günü qalmışıq pis vəziyyətə. Sakinlərin yaşlısı, xəstəsi, azyaşlı körpələri var. Bizə deyirlər ki, borc çoxdur. Sakinlərin isə borcu yoxdur. Bu məsələ Nazirlər Kabineti tərəfindən həll olunmalıdır. Sakinlər isə bildirirlər ki, həmin borcun necə yaranmasını anlaya bilmirlər. Biz hər ay lazım olan vəsaiti ödədiyimiz halda, bu qədər borc necə yaranır, anlamırıq”.
Gülnaz Qənbərli
Gununsesi.info