Hamı kimi başlayıb, bu, dəqiqdir. “Bir anın həqiqəti” ilə yaşayıb. “Bir axşam”, “Bəxt üzüyü” keçirib sevdiyinin barmağına. “Əlavə təsir” olmadan, “Xüsusi vəziyyət”də. Beləcə, “İnsan məskən salır” düşünüb yəqin, “Bir anın həqiqəti”ni yaşayıb.
İnanıram, olub ki, “Mənim günahım”dır deyib, çəkinməyib səhvlərini etirafdan.
“Ordan-burdan” danışıb, tez bitirmək istəyib bir çox söhbətləri. Yoluna “Ümid”lə davam edə bilmək üçün “Bəşərin komediyası”na gülümsəib keçib bəlkə də. “Heç nədən hay-küy” etməyib. “Fitnə” kimi, pisə də, yaxşıya da vərdişi olanları yaxşı tanıyıb deyirlər.
“Cehizsiz qız”a baxa-baxa, ona “Əliqulu evlənir” xəbərini deyib şadyanalığa çağıranları “İstintaq”a çəkib müstəntiq kimi. “Səhra yuxuları”ndan, “Xurşidbanu Natəvan” la keçib.
“Büllur sarayda” oturub, “Unuda bilmirəm”, “Kimdir haqlı?” soruşub, onda da “İblis”lə üzləşib.
“Şəhərin yay günləri”ndə də “Nakam qız”la rastlaşıb.
“Qılınc və qələm” həyat tərzi idi, “Nişanlı qız”ı bir az unutmuşdu, bəlkə də o üzdən “Sevgililərin cəhənnəmdə vüsalı”nı yaşadı.
“Dəlilər və ağıllılar”gördü həyatında onlarca, hamısını “Sokratı anma gecəsi”ndə xatırladı. Etibarsız “Afət”ə rast gəldi, amma canlı “Ölülər”i belə, “Müfəttiş”in ayağına verəcək qədər qəddar edə bilmədi onu həyat. “Ötən ilin son gecəsi”ni, “Mehmanxana sahibəsi” ilə yola vermişdi. “Yollar görüşəndə” anladı ki, “Topal Teymur” da keçib burdan nə zamansa…
Bakılı oğlan kimi, “ “Oyunçu aparsın”, qədeş”, deyib məhəllə uşaqlarına bir zaman. “Sarıköynək və Valehin nağılı”na inanıb. “Sirr” saxlayıb çox şeyi, axı o, həm də Məlik Dadaşovun oğlu idi. “Səni gözləyirəm” dediyi də olub, “Susumuş vicdanlar”a inandığı da. “Şeytan(ı) göz qabağında” olsa da, bilib ki, “Ulduzlar heç vaxt sönmür”.
…“Ünvansız eşq”i olubmu? Olmamış olmaz deyək, bu qəmli söhbətimizdə dodağı “qaçdı” bəlkə, kiminsə, gülümsədi. Bəlkə lapdan səsini də eşidərik, “Var olun qızlar” deyər. “Yoxlama”ya çəkər oğlanları. Bu dəfə hamımız gülümsəyərik… “Yarımçıq qalmış mahnı”sı oldumu sənətkarın? Bəlkə də adı “Yay gününün yarpaqları” imiş?…
Adam düşünür, kaş “Bəxt üzüyü-2”nin davamını çəkə “Bakılı oğlanlar”. Biz də “Bir ovuc torpaq olmaq”dan qurtaraq onu, xalq artistimizi, Rəfael Dadaşovu. Mümkünmü? Əfsus ki, yox! Yenə də bir təsəlli var, axı: “Ulduzlar ölmür”…
***
…Bu qədər film və tamaşa var onun, Rəfael Dadaşovun iştirakı ilə. Adlarında həyatını ifadə edəcək qədər çoxdur həm də. Amma niyəsə onu Vasif müəllim kimi xatırlayıram həmişə, hətta sağlığında da. Gülnarla Elçinin sevgisinə qarşı olan Vasif kimi yox, eləcə, Vasif müəllim kimi sevmişəm, ağlım teatrın nə olduğunu dərk edəndən. Bəlkə də yaşıdım qızlar kimi bir az yaraşığını, bir az ədasını, tərzini sevmişəm, daha çox, bilmirəm. Bildiyim bir o ki, Rəfael Dadaşov deyəndə, Vasif müəllim də söyləmişəm ardıyca. İndi Vasif müəllim deyəndə, “Səni axtarıram”, “Səndən Xəbərsiz” və “Bağışla” deyəcəyik çoxumuz. Biz onları, sənət adamlarını sevməkdən başqa heç nə edə bilmirik, təəssüf. Bir də zaman-zaman onlara ədalətsiz, amansız oluruq, ünvanlarına haqq etmədikləri sözləri deyirik, dərdlərini görməzdən gəlirik… Amma dünyadan köçdülərmi, yumağa dönürük, təəssüflənirik, kövrəlirik, çünki sevgimizi yadımıza salır ölümlər… Yenə də heç nə gəlmir əldən. Anlayırıq ki, əslində, hər şeyi həyat və ölüm arasındakı məsafə, ömür edir, həm də kimsəyə acımadan. Bircə deyəcək qalır. O üzdən də, salamat qa,l Vasif müəllim. Onsuz da “Bir ovuc torpaq” olur hamı sonunda, qəm eləmə, salamat qal, bir gün mütləq görüşəcəyik!… İnsan kimi olmasa da, torpaq kimi görüşəcəyik!..
Jalə Mütəllimova xüsusi olaraq,