Şamaxıda uşaqları acınacaqlı vəziyyətdə qoyan qadın analıq hüququndan MƏHRUM EDİLƏCƏK

Şamaxının İkinci Çaylı kəndində 4 azyaşlı uşağın baxımsız vəziyyətdə yaşaması ilə bağlı araşdırmalar davam etdirilir.

Bu barədə Modern.az-a məlumat verən Şamaxı rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Nəsimi Manafov bildirib ki, uşaqlar hazırda xəstəxanadırlar:

HTML tutorial

“Onlar hazırda Şamaxı Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunurlar”.

Onun sözlərinə görə, uşaqların heç birinin doğum haqqında sənədi yoxdur:

“Ananın Gülnarə Cavadova olduğunu sübut edən və uşaqların doğumları haqqında heç bir tibbi sənəd belə yoxdur, ya da təqdim etmir. Ana olaraq uşaqların bu vəziyyəti ilə bağlı heç bir səbəb göstərmir. Uşaqlar müayinə olunduqdan sonra Bakı şəhərində yerləşən dövlət uşaq müəssisəsilərinin birinə yerləşdirilməsi üçün hüquqi prosedurlar yerinə yetirilir. Müayinələr nəticəsində uşaqların psixoloji vəziyyətləri və sağlamlıqlarının yaxşı olduğu məlum olub”.

N.Manafov qeyd edib ki, daha sonra uşaqların doğum haqqında şəhadətnamələrinin alınması ilə bağlı məhkəməyə müraciət ediləcək:

“İlk mərhələdə uşaqların kimliyi, yaşları müəyyən olunduqdan sonra, kimsə uşaqların atası olduğunu iddia etsə, o zaman müvafiq analizlər götürüləcək. İlk növbədə isə uşaqların mənşəyi (valideynlərinin kim olması) və yaşları müəyyən edilməlidir. Proseslər növbəli şəkildə aparılacaq. Ana Gülnarə Cavadova hazırda etiraz edir və hüquqi müstəvidə onunla bağlı əlaqədar qurumlara müraciət edəcəyik. Gülnarə Cavadovanın analığı təsdiqini taparsa, yəqin ki, o analıq hüquqlarından mərhum olunacaq”.

N.Manafov qeyd edib ki, yayılan xəbərlərdə Gülnarə Cavadovanın COVID-19 virusuna yoluxduğu, uşaqların atalarının isə vəfat etdiyi bildirilib:

“Bu xəbərlər həqiqəti əks etdirmir. Rayon İcra Hakimiyyəti tərəfindən onlar evlə, uşaqlarlarına baxması üçün Gülnarə Cavadova 2019-cu ildə “DOST İş Mərkəzi” MMC-də işlə təmin olunub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Haşımov Modern.az-a deyib ki, uşaqlar Bakıdakı Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək:

“Onlar məişət zorakılığından əziyyət çəkənlərlə bağlı xüsusi şöbədə reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq, onların rifahı üçün aidiyyatı tədbirlər görülməsi barədə qərar qəbul ediləcək”.

Gununsesi.info