Samir Nuriyev: “Güzəştli mənzillərin tikilməsi istiqamətində tezliklə praktiki addımlar atılacaq”

  • By admin
  • 15 İyul 2016 15:23

samirrr

“Tikiləcək mənzillərin vətəndaşlar tərəfindən əlverişli şərtlərlə əldə edilməsi üçün uzunmüddətli ödəniş sisteminin yaradılması və maliyyələşdirilməsi istiqamətində Agentlik artıq aidiyyəti dövlət qurumları ilə birlikdə işlər aparır.Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin burada əsas maliyyə mənbəyi kimi çıxış etməsi gözlənilir”.

Gununsesi.info-nun məlumatəna görə, bu haqda Mənzil İnşaatı Dövlət direktoru Samir Nuriyev açıqlama verib. Onun sözlərinə görə, güzəştli mənzillərin tikilməsi istiqamətində tezliklə praktiki addımların atılacaq: Dövlət başçısının bu yaxınlarda imzaladığı Fərmana əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin “Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasında təmsil olunması yaradılacaq sistemin əlaqəli şəkildə işləməsini təmin edərək dayanıqlı olmasına xidmət edəcək. Bununla yanaşı, mənzillərin satışının uzunmüddətli maliyyələşdirilməsini təmin etmək üçün ölkənin dövlət bankları ilə əməkdaşlıq imkanları da dəyərləndirilir”- deyə, o, bildirib. Agentliyin direktoru son 10 il ərzində Azərbaycanda tikinti sahəsinin sürətlə inkişaf etdiyini də vurğulayıb: “Həm dövlət, həm də yerli və xarici investisiyalar hesabına ölkədə həyata keçirilən tikinti işləri bunun bariz nümunəsidir. Hesab edirəm ki, Agentliyin fəaliyyəti inşaat sektorunun inkişafına müsbət təsir göstərəcək, o cümlədən tikinti materialları və avadanlıqlarının istehsalı, tətbiqi və istismarı sahələrini stimullaşdıracaq, yeni iş yerlərinin yaradılmasını təmin edəcək və bu sektorun investisiya baxımından bir qədər də daha cəlbedici olmasına böyük töhfə verəcək. Bütün bunlar isə, öz növbəsində, ölkənin sənaye potensialına müsbət təsir göstərəcək”.

 Gülnaz Qənbərli

Gununsesi.info