Cənubi Koreyanın elektronika istehsalçısı Samsung Electronics bəzi bölmələrdə əcnəbi işçilərinin 30%-ni ixtisar etməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters məlumatlı mənbələrə istinadən yazır.
Agentliyin məlumatına görə, Samsung dünya üzrə törəmə şirkətlərinə satış və marketinq işçilərini təxminən 15%, inzibati işçilərini isə 30%-ə qədər ixtisar etməyi tapşırıb.
Plan bu ilin sonuna qədər həyata keçiriləcək və Amerika, Avropa, Asiya və Afrikadakı iş yerlərinə təsir göstərəcək.
“Hələlik neçə nəfərin ixtisar ediləcəyi və ən çox hansı ölkələrin və biznes bölmələrinin zərər görəcəyi məlum deyil”, -deyə agentlik qeyd edir.
Samsung qeyd edib ki, bəzi xaricdəki fabriklərdə işçi qüvvəsinin tənzimlənməsi səmərəliliyin artırılmasına yönəlmiş adi işdir.
Eyni zamanda, Reuters mənbələrindən biri qlobal iqtisadiyyatın yavaşlaması fonunda texnologiya məhsullarına qlobal tələbatın azalmasına hazırlıq məqsədilə iş yerlərinin ixtisar edildiyini də bildirib.
Gununsesi.info