

Cinayət və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan sanksiyalara şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə yenidən baxacağıq.
Gununsesi.info xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini etiqad azadlığı haqqında” qanunun bəzi müddəalarının srətləşdirilməsi ilə bağlı Cinayət və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan dəyişikliklərə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişiklik əsasında əcnəbilərin dini təbliğatı, ictimai yerlərdə dini atributların təbliği və dini ekstremizmlə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə tutulan əlavələrə yenidən baxılacaq.
M. Qurbanlı deyib ki, buna səbəb müəyyən sanksiyaları nəzərdə tutan həmin əlavələrlə bağlı QMİ sədri Allahşükür Paşazadənin narahatlığıdır: “Buna görə də biz o sanksiyalara şeyxülislamın iştirakı ilə yenidən baxacağıq. Bu sanksiyalar lazımdır, çünki “Dini etiqad azadlığı” haqqında qanuna edilmiş dəyişikliklərin tələbidir”.
Komitə sədri onu da əlavə edib ki, Azərbaycanda ənənəvi olaraq dini ayinlər, dini tədbirlər həmişə sakit və qaydasında keçib: “Amma son vaxtlar dini tədbirlərin, ayinlərin keçirilməsi ilə əlaqədar yeni qaydalar gətirmək istəyənlər var. Xüsusilə Məhərrəmlik ayında Hüseyn əzadarlığını yeni qaydada keçirmək istəyənlər var ki, bu da başqa məqsədlərə xidmət edir”.
Gununsesi.info