“Sanksiyaların qarşısını ABŞ-ın nüfuzlu dairələri  aldı” -ARİF MƏMMƏDOV

  • By admin
  • 05 İyul 2016 12:14

arif

“ABŞ-da bəzi nüfuzlu dairələr İlham Əliyevin ABŞ üçün strateji olan bir çox məsələləri təmin etdiyini və maraqlarına uyğun adam olduğunu düşünür”

 

 

Xeyli müddətdir ki, Azərbaycanla ABŞ arasında yaşanan gərginlik bir qrup siyasi məhbusun azadlığa buraxılması ilə yumşalmağa doğru getdi. Son aylarda ABŞ-ın yüksək vəzifəlilərinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin yoluna düşəcəyini göstərirdi. Ancaq ATƏT PA-nın son toplantısında çıxış edən ABŞ Konqresinin Helsinki Komitəsinin sədri Kristofor Smit Azərbaycan hakimiyyətini yenə sanskilarla hədələdi. Smitin ABŞ-ın ən nüfuzlu konqresmenlərindən birinin olduğunu nəzərə alsaq, o zaman onun bu çıxışının yenidən iki ölkə arasındakı gərginliyə gətirəcəyini düşünmək olar. Nəzərə alaq ki, ötən ilin dekabrında gözlənilən əfv sərəncamı məhz Smitin “Demokratiya aktı” layihəsinin gündəmə gəlməsi ilə baş tutmadı.

Bəzi hüquq müdafiəçiləri isə hesab edir ki, bu cür açıqlamalar hakimiyyəti qıcıqlandırır və bu da nəticə etibarı ilə siyasi məhbusların daha çox həbsdə qalmasına səbəb olur.

Gununsesi.info-ya keçmiş diplomat Arif Məmmədov Smitin çıxışını və onun doğura biləcək nəticəsini şərh edib.

Arif Məmmədovun sözlərinə görə, ABŞ-da Azərbaycan hakimiyyəti ilə bağlı müxtəlif rəylər var: “ABŞ-da bəzi nüfuzlu dairələr İlham Əliyevin ABŞ üçün strateji olan bir çox məsələləri təmin etdiyini və maraqlarına uyğun adam olduğunu düşünür. Bu dairələr müxtəlif yollarla Konqressə təyziqlər göstərməyə və qanun layihəsinin qarşısını almağa çalışırlar. Bu təzyiqlər olmasaydı, qanun artıq Mart ayında qəbul olunardı. Konqressen Smit son çıxışında bildirdi ki bu məsələ aktuallığını itirməyib və Kongqes Azərbaycan Hakimiyyətinə qarşı daha sərt mövqe tutmaqda israrlı olduğunu nümayiş etdirir”.

smit1

Arif Məmmədov söyləyir ki, Azərbaycan hakimiyyətinin Konqresdəki lobbisi SOCAR-ın təşkil etdiyi səfərə qatıldıqları üçün çox zərbələrlə qarşılaşdı və hədiyyələr qəbul etdikləri üçün ciddi şəkildə amerikan mətbuatinda atəşə tutuldu. Bəzi konqresmenlər istefa verməyə belə məcbur oldular.  Bu səbəbdən bu gün Konqresdəki lobbiçilər bizim hakimiyyətlə artıq əlaqə saxlamaqdan çəkinirlər. Bir şey tam aydındır kı, Konqres bu məsələni gündəmdən çıxarmayacaq və təzyiq mexanizmi kimi istifadə edəcək və gec tez qanunu qəbul edəcəklər”.

Gununsesi.info