Şans üzünüzə güləcək, yetər ki… - Avropada inanılmazı bacaran azərbaycanlı gənclə MÜSAHİBƏ

  • By admin
  • 12 Aprel 2022 11:08

Azərbaycanlı gənc Eyvaz Əhmədzadə 3 Avropa universitetinə birdən qəbul olub.

Gununsesi.info Publika.az -a istinadən həmvətənimizlə müsahibəni təqdim edir:

– Sizi tanıyaq, Eyvaz bəy. Daha doğrusu, sizi bütün Azərbaycanın tanımasını istəyirik. Zəhmət olmasa, özünüz haqqında bizə qısa məlumat verin…

– Xoş sözlərə görə təşəkkürlər. Adım Eyvaz Əhmədzadədir. 19 yaşım var. Azərbaycan-Fransız Universitetində Kompüter Elmləri ixtisası üzrə təhsil alıram. Hazırda 4-cü – son kurs tələbəsiyəm. Bundan başqa, bir “Startup” layihəsində proqram tərtibatçısı olaraq fəaliyyət göstərirəm.

– Eyvaz bəy, siz eyni anda 3 Avropa universitetinə qəbul olmusunuz. Zəhmət olmasa, bizə həm qəbul olana qədərki proseslərdən, həm də universitetlər haqqında məlumat verəsiniz.

– Mən “Erasmus Mundus” proqramının qalibi olmuşam. “Erasmus Mundus Birgə Magistr” proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdilirən bir təqaüd proqramdır. Hər il bu proqrama bütün dünyadan tələbələr müraciət edir və rəqabətli seçim mərhələlərindən sonra bu tələbələrin az bir hissəsi təqaüdlə təhsil almaq şansı qazanır.

İxtisasım isə “Yaşıl Şəbəkə və Bulud Hesablama Texnologiyaları”dır. Bugünlərdə bütün dünya üçün böyük əhəmiyyət daşıyan bir mövzunu əhatə edir. İxtisasımın əsas məqsədi texnologiyanın daha davamlı və enerji səmərəli istifadəsinə nail olmaqdır. Belə ki, ABŞ-da Ətraf Mühafizəsi Agentliyinin təqdim etdiyi statistikaya əsasən, 1970-ci ildən etibarən havaya buraxılan karbon emissiyalarının miqdarı 90% artıb və bu, o deməkdir ki, artıq planetimizdə hər kəsin bu məsələnin həll olunmasında bir rolu var. Eləcə də texnologiya sahəsində olan insanlar olaraq bu mövzuya çox ciddi yanaşmalıyıq. Bu səbəbdən belə bir ixtisas seçdim. İxtisasım özündə BMT-nin 17 davamlı inkişaf məqsədlərinin on məqsədini birləşdirir.

Seçim prosesi iki mərhələdən ibarət idi. Ən uyğun namizədlərin seçilməsi və müsahibə. Müsahibə zamanı mən öz dissertasiya mövzumu təqdim etdim və böyük maraqla qarşılandı. Dissertasiyamın mövzusu, kompüter proqramlarının işə salınması nəticəsində havaya buraxılan zəhərli qazlarının miqdarının öncədən təxmin olunması barədədir.

Növbəti 2 il ərzində, hər semestr bir universitetdə olmaqla, Fransada “Lotaringiya”, Böyük Britaniyada “Lids Beckett” və İsveçdə “Lulea of Technology” universitetlərində təhsil alacağam. Bundan başqa, 3 digər Avropa ölkəsində 2 yay məktəbində iştirak edəcəyəm və magistr dissertasiyamı hazırlayacağam. Nəticədə 6 ölkədə təhsil alaraq 3 universitetin diplomuna yiyələnəcəyəm.

– Eyvaz bəy, siz azərbaycalı olaraq ölkəmizi avropanın nüfuzlu universitetlərində təmsil edəcəksiniz. Təhsil alacağınız ixtisas da ölkəmiz üçün vacib bir məsələnin həllində yeni kadrın yaranması deməkdir. Bəs məqsədiniz nədir? Gələcəkdə ölkəmizə qayıdıb, bu sahədə ciddi addımlar atmaq haqqında düşünürsünüz?

– Məncə,ölkəyə qayıtmaq haqqında danışmaq hələ tezdir və bunu zaman göstərəcək. Dəqiqdir ki, qayıdıb-qayıtmamağımdan asılı olmayaraq, ölkəmi həmişə və hər yerdə yaxşı təmsil etməyə çalışacağam. Məndən sonra gələn bütün gənclərə də dəstək olacağam.

– Üç universitetdə oxumaq sizə çətin görünmürmü?

– Çətin anlar da olacaq. Mən bunların hamısını düşünmüşəm və özümdə güc hiss edirəm. Birinci universitetim Fransadadır. Bu dili bildiyim üçün orada oxumaq mənə daha rahat olacaq. İsveçdə bir qədər çətinliyim ola bilər. Bunun səbəbi İsveç dilini bilmədiyim üçün insanlarla ünsiyyətdə çətinliyimin olacağıdır. Bu isə ciddi problem deyil. İngilis dili məni xilas edəcək.

– Eyvaz bəy, görünür siz universitetdə yüksək səviyyədə oxumusunuz və dil bilikləriniz də sizə bu proseslərdə kömək olub. Hansı dilləri bilirsiniz və digər məşğuliyyətləriniz nələrdir?

– İngilis və fransız dillərini bilirəm. Universitetdənkənar layihələrdə və proqramlarda iştirak etməyi xoşlayıram. Bunlara, gənclər üçün olan təşkilatlar, hakatonlar, yarışmalar və s. daxildir. Bundan başqa, universitetdə “Proqramçı tələbələr” klubunun liderlərindən biriyəm. Bu klubda, biz hər ay sessiyalar keçiririk və dünyanın ən böyük şirkətlərində (Google, Meta, Amazon və s.) işləyən həmyerlilərimizi dəvət edib, öz təcrübələri haqqında danışmalarını istəyirik.

– Mən həmişə belə situasiyalarda şans faktorunu müsahibimdən soruşuram. Sizcə, siz şanslısınız yoxsa necə?

– Belə məsələlərdə şansın rol oynadığını, amma həlledici olmadığını düşünürəm. Əgər siz bir şeyi əldə etmək üçün çox çalışmısınızsa və bunun üçün lazım olan bütün bilik və bacarıqlara yiyələnmisinizsə, uğur qazanmaq ehtimalınız əlbəttə ki, heç nə etməmiş halınızdan daha çox olacaq. Qısacası, bəlkə də şanslıyam, amma istəyimə çatmaq üçün çox çalışmasaydım, şanslı olmağım mənə heç də kömək etməyəcəkdi. Eynilə şanssız olmaq kimi, çox çalışıb şanssızlığa görə məqsədə çatmamaq, heç bir əziyyət çəkmədən şanssız olmaqdan daha yaxşıdır, çünki axır-əvvəl şans üzünüzə güləcək və bu zaman sizə kömək olan bilik və bacarıqlarınız, çəkdiyiniz əziyyətlər olacaq.

– Bu sualı verməyi heç sevməsəm də bəzən həqiqətən bunu eşitmək istədiyimiz insanlar olur. Siz də belələrindənsiniz. Öz yaşıdlarınıza, gənclərə məsləhətiniz nədir?

– Əgər bütün gənclərdən söhbət gedirsə, yəqin ki, əsas məsləhətim qarşılarına qısa və aydın məqsədlər qoyaraq onlara çatmaq və həmişə özlərinə faydalı işlərlə məşğul olmaqdır. Amazon şirkətinin 14 liderlik prinsiplərindən birində deyildiyi kimi: “Yaratdıqlarınız istifadə etdiklərinizdən daha çox olsun və həmişə tapdığınız şeyləri daha yaxşı bir vəziyyətdə tərk edin”.

Xaricdə təhsil almaq istəyən gənclərə əsas məsləhətim, həmişə fəal olmaq və universitetdənkənar fəaliyyətlərdə aktiv iştirak etmələridir. Sosial olmaq və liderlik bacarıqlarını inkişaf etdirmək çox önəmlidir. Bundan başqa, ixtisas üzrə təcrübə proqramları və iş təcrübəsi sizə müraciətiniz zamanı üstünlük yaradacaq.

Gununsesi.info