“Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində keçirilən görüşlər çox mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bu tədbirdə iştirak etməsi və şəxsən dəvətin Çin Xalq Respublikası rəhbərliyi tərəfindən verilməsi strateji baxımdan önəmlidir və gələcəkdə bir sıra məsələlərin həllinə işarə edir”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib:
“Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi baxımdan dünyada təxminən 30–40 faizini əhatə edən dövlətləri bir araya gətirir.
Asiyada Avropa İttifaqının alternativi kimi ən mühüm dövlətlərin burada təmsil olunması və Azərbaycanın xüsusi yerinin olması, Prezidentin apardığı siyasət və islahatlarla paralel olaraq qarşılanması, bütün dünyaya ciddi mesaj verir.
Bu, həm Azərbaycanın enerji təhlükəsizliyi sahəsində önəmli bir tərəfdaş kimi qəbul edilməsini, həm də dövlətimizin beynəlxalq mövqeyinin güclü olduğunu göstərir.
Azərbaycan Prezidenti dünya liderləri tərəfindən sözünü deyən və qətiyyətli bir lider kimi qəbul edilir”.
Deputatın fikrincə, görüşlər iqtisadi baxımdan da əhəmiyyətli olub:
“Çin şirkətləri ilə Azərbaycanda yeni iş yerlərinin yaradılması, yeni zavod və fabriklərin qurulması istiqamətində müqavilələr və memorandumlar imzalanıb. Beləliklə, bu görüşlər həm iqtisadi, həm də strateji baxımdan mühüm nəticələr verib.
Hərbi, mənəvi, mədəni və digər sahələrdə aparılan danışıqlar da önəmli əhəmiyyət kəsb edib. Çin, dünya səviyyəsində Azərbaycan Prezidentinin apardığı siyasəti bəyənir və bu, beynəlxalq aləmdə dövlətimizin nüfuzunu artırır.
Eyni zamanda, Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan və digər dövlət liderləri ilə görüşləri, onun beynəlxalq səviyyədə necə qarşılandığını bir daha göstərdi.
Bu, Azərbaycanın xarici siyasətinin strateji əhəmiyyətini vurğulayan mühüm hadisədir”.
Şəbnəm Rəhimova










