2000-ci illər ədəbi nəslinin bir çox yazıçı-şairləri haqqında tənqidi və təhqir dolu yazılar yazıb, ovuc içi boyda oxuculara həqiqəti çatdırmışam. Sübut etmişəm ki, həmin dövr boşluğundan ortaya nə qədər adam çıxıb, boş yerə yazıçı-şair adı qazanıb, bunun çörəyini yeyiblər.
Əlbəttə, bu cür etməkdə xüsusi bir niyyətim yoxdur, sadəcə, istəyirəm ki, az da olsa insanlar kimin kim, nəyin nə olduğunu bilsinlər.
Nağıl dili yüyrək olar, keçənlərdə yenə “kimdən yazım, kimi ifşa edim?” düşünürdüm ki, qəfil ağlıma Ömər Xəyyam adı gəldi. Düşündüm, dedim, ey dadi-bidad, bu hardan düşüb ortaya? Bu necə yazıçı olub? Ümumiyyətlə, Ömər Xəyyam adı hansı səbəblərə görə çəkilir? Onun nəyi var saqqalından savayı?
Bu yerdə “Saqqalı uşaq” əsərinə göndərmə etmək istəyərdim, amma Xəyyamın intellekti buna belə əl vermir.
Həyatda bilmirəm, Xəyyam Azərbaycan ədəbiyyatında saqqalı olub, sözü keçməyən, yəni ortada bir sözü, cümləsi olmayan yeganə adamdır. Di gəl, hərdən bir də olsa kimlərinsə yazıçı adı çəkəndə onun da adını çəkdiyi olur. Bax, dərd budur, student qədeş!
Gəlin, Ömərə, daha dəqiq, Xəyyam qardaşın həyat və ədəbi fəaliyyətinə nəzər salaq, təftiş edək. Bilməyənlər üçün elə deyim ki, Ömər Xəyyamın əsl adı Xəyyamdır, dostumuz klip çəkib, şou göstərməyə meyilli olduğundan belə dəcəlliklər edə bilir. Eybi yox, qara qaşına-gözünə, uzun saqqalına qurban olsun.
Mahiyyətcə və fiziki olaraq Ömər Xəyyam hələ Bakıya, ədəbi mühitə ayaq qoymazdan əvvəl tamada idi. Bəli, bildiyimiz tamada. Söz yox, “Sirtuş Çölçəmənli” də deyildi, amma toylara gedir, bir-iki ağız oxuyur, bəy tərifi vururdu.
Əlbəttə, burada ayıb heç nə yoxdur, məsələn, kaş özüm hazırda tamada ola biləydim. Amma görəsən, Xəyyam dostumuz niyə bu işdən əl çəkib ? Bir halda ki, dostumuzun mahiyyəti də tamadalıqdan ibarətdir, onun ədəbiyyatda nə işi var?
Guya Xəyyam ciddi ədəbiyyatı başa düşüb, fikirləşib ki, mən hara, tamada hara? Deyən lazımdır, ay qardaş, sən hara, ədəbiyyat hara, mətn hara, niyə gedib “mama muğamı” zad oxuyub “palatka” camaatını kədərləndirmisən?
Klip çəkmək üzrə masterlik dərəcəsini qazanan Ömər Xəyyamı tez-tez feysbukda ədəbi dərslər keçən yerdə də görmək olar. Ay sənin saqqalın ağarsın elə.
Cəhənnəm, otur saytda, yalandan cümləni balaca yaz, vergüllə bitir, həmən yerinə haman yazıb, günəşin altında yeni heç nə yoxdur zad de, başını qat da. Görmürsənmi, onsuz da sənə göz yummuşuq, xətrinə dəymirik?! Bəs adama heç nə deməyən gəlib başına çıxarlar? Bir daxili həya-abır yoxdur ki, mən niyə, nə cür danışıram? Mənim buna haqqım çatır heç?
İllərdir, uzun saqqal saxlayıb özünü hansısa dərindən oxumadığı klassik şair-yazıçılara da bənzətməkdən belə utanmır bizim Xəyyam.
Ona görə bizim deyirəm ki, oturub dururuq, hərdən məclislərdə ədəbi söhbətlər də edirik. Bir də görürsən, Xəyyam ədəbiyyat haqqında nəsə danışır. İçinə bəhməz, gəl indi buna qulaq as.
Amma nə danışır, özü də bilmir. Niyə danışdığı isə ədəbiyyata və bizə hələki məlum deyil.
Qətiyyən, biz heç kimin söz azadlığına qarışmırıq, onsuz da, əksəriyyət ağzı var deyə ağzına gələni danışır, amma problem odur ki, Xəyyam adının qarşısına Ömər ataraq kreativlik etmək istəyən dostumuzun ortada bir dənə də dişə dəyəsi yazısı yoxdur. İki yox ha, məhz bircə dənə.
Necə də kədərlidir. Səni bir hekayə ilə xatırlamasınlar, ümumiyyətlə, alababat bir hekayən belə olmasın, amma yazıçı adı ilə ortalıqda fırlan. Dindirsən, saqqalından da həya etməyərək deyəcək ki, bəs məni də başa düşmürlər, bir az çətin yazıram.
Lap yadımdan çıxmışdı, demək, 2000-cilər nəslinin əksəriyyətinə aid xüsusiyyətləri yamsılayan Xəyyam dostumuz o vaxt saqqalından böyük səhv edərək bir kitab da yazmışdı. Sizcə, o kitab necə kitab idi? Bəli, düz tapdınız: Erotika!
Tamada qaqaşımız qəfil düşünüb ki, bəs o da Azərbaycanda sekslə tanınmalı, tabuları qırmalı, azad olduğunu göstərməlidir. Bu qənaətə gəlib ki, uğurlu-uğursuz seks hekayələri yazsın, özünü Bukovski kimi hiss eləsin. Beləcə, o da ədəbiyyata dal qapıdan gəlib, ortalıqda qalanlardandır.
Mən o kitabı oxumuşam və təəssüflə demək istəyirəm ki, əgər yazdıqlarına baxsaq, Xəyyam dostumuzun seks fantaziyaları da ədəbi fəaliyyəti kimi uğursuzdur.
Haqqında danışmağa mətni belə olmayan adam haqqında yazını bu yerdə bitirib, Xəyyama davamlı sekslə məşğul olmağı və heç olmasa, bircə dənə mətn yazmağı arzu edirik ki, haradasa yazıçı kimi təqdim edəndə, nəsə ad çəkə, cümlə deyə bilək.
Xəyyam, xahiş edirəm, bizi utandırma.
Yox, olmursa, illərdir ki, yaza bilməməyini davam etdirmək niyyətindədirsə, İsmayıllıya qayıtmağı, yenidən tamadalıq etməyi tövsiyyə olunur. Xəyyam üçün nicat ancaq mahiyyəti olduğu məsələlərdədir.
Orxan Saffari,
Xüsusi olaraq
Gununsesi.info üçün