Sarı öküzü təslim etməyimizin cəzası və Cassandra Sindromu - Yaxud, şagirdlərin bu mədəniyyətsizliyi, caniliyi hardan yarandı?

  • By admin
  • 21 Fevral 2024 13:39

 

Mədəni irsimizin formalaşdığı Bakı və Gəncə şəhər məktəblərində şagirdlərin bir birinə qarşı qısnama və bıçaqlama hadisəsi ölkə ictimayətinin əsas müzakirə mövzularından birinə çevrilib.

Mədəni irsimizin formalaşmasında mühüm yer tutan bu şəhərlərimizdə, gələcəyimiz olan şagirdlərin bu mədəniyyətsizliyi, caniliyi hardan yarandı? Kimdir müqəssir?

Valideynmi?

Cəmiyyətimizmi?

Sosial şəbəkələrmi?

Müəllimmi?

Valideynlərin tərbiyə edə bilmədiyi və yaxud sosial şəbəkələrin “tərbiyə etdiyi” şagirdi müəllim tərbiyə edə bilməzmi?

Sarı öküzün hekayəsi

Afrika savannalarında yaşayan bir öküz sürüsü və bu öküz sürüsündə gözü olan aslanlar varmış. Aslanların öküzlərə hücum etdiyi vaxtlar, öküzlər birlik olduğu üçün, öküzlər heç bir qurban vermədən aslanları özlərindən uzaqlaşdırarmış. Aclıqdan taqətsiz düşən aslanlar vəziyyətin belə davam edə bilməyəcəyini görüb ağ bayraq qaldırmaq qərarına gəlir. Bir topal və iki yaşlı aslan, öküzlərin yanına gələrək: hörmətli öküzlər biz buraya sizdən üzr istəmək üçün gəlmişik, əslində bizim sizinlə heç bir problemimiz yoxdur, sizə hücum etmək istəmirik. Sizə etdiyimiz hücumların səbəbi aranızdakı sarı öküzdür. Onun rəngi bizim gözlərimizi qamaşdırdığı üçün, ağlımız başımızdan çıxır. Ona görə sizə hücum edirik. Xahiş edirik, sarı öküzü bizə verin, aramızdakı bu dava qurtarsın. Öküzlər məsləhətləşdikdən sonra, sarı öküzü aslanlara vermək qərarına gəlsə də, xallı öküz bu qərara qarşı çıxsa da, tək olduğu üçün sözünə qulaq asan olmur. Bir müddət sonra, aslanlar yenə öküz sürüsünə yaxınlaşaraq: biz sizinlə dava etmək üçün gəlməmişik, aranızda olan öküzlərdən biri davamlı olaraq quyruğunu hərəkət etdirdiyi üçün bizim ağlımızı başımızdan alır, sizə hücum etmək istəyirik. Gördüyünüz kimi, biz sizə hücum etmədik amma bundan sonra hücum etməməyimizi istəyirsizsə o öküzü bizə verin. Öküzlər yenə məsləhətləşərək quyruğunu hərəkət etdirən öküzü aslanlara vermək qərarəna gəlir.  Xallı öküz yenə də razı olmasa da, tək olduğu üçün əlindən heç nə gəlmir. Aslanlar bu üsulun işə yaradığını görüb, hər aclıqlarında bir bəhanə ilə bir öküzü alırlar. Bir müddət sonra öküz sürüsündə barmaqla sayılacaq qədər öküz qaldığı zaman, öküz sürüsünün lideri düşünməyə başlayır.

Biz harda xəta etdik ki, sayımız bu qədər azaldı. Xallı öküz cavabında deyir: sarı öküzü verməyimiz xəta idi.

Müəllimlərimizin təlim tərbiyyəmizdə bu qədər təsirsiz olmasının səbəbi nədir?

  • Müəllimimi bir tikə çörəyə möhtac edib, cəmiyyət içində ehtiyac sahibi edənlərə etiraz etməməyimiz xəta idi
  • Müəllimin aldığı ilk rüşvətə, göz yummağımız xəta idi
  • Müəllimin sinəsində gizlətdiyi bülletenlə, seçki saxtakarlığında iştiakına qoşulmasına göz yummağımız xəta idi
  • Müəlimin maddi ehtiyac səbəbi ilə əlabaxanlığına göz yummağımız xəta idi
  • Nəhayət, şərəf, ləyaqət, hörmət timsalı olan müəllim adını, geniş maddi imkanlarına, tutduğu vəzifəyə görə şərəfdən, ləyaqətdən, hörmətdən uzaq insanlara Müəllim deyə xitab edərək, süfrəmizin başında ən əziz qonaq olaraq oturtmağımız xəta idi.

Bu müəllim şagirdlərimizi necə tərbiyyə etsin? Yaxud bu müəllimlərimizin şagirdlərimizi tərbiyə edəcək mənəvi haqqı varmı? Cəmiyyət olaraq müəllimlərimizdən bunu istəyəcək haqqımız varmı?

Cassandra Sindromu

Qədim Yunan mifologiyasıda gənc və yaraşıqlı olaraq təsvir edilən Apollon işıq, günəş, şeir, musiqi, incəsənət, tibb, falçılıq və nəşriyyat kimi müxtəlif sahələrdə tanrıların qoruyucusu sayılır. Cassandra isə, Troya prensesi gözəl bir qızdır. Apollon, Cassandraya aşiq olduğuna görə, eşqinin nişanəsi olaraq ona gələcəyi görəmək bacarığını ərmağan edir. Cassandra Apollonun  eşq elanına qarşılıq vermədiyi üçün, Apollon Cassandraya verdiyi gələcəyi görmə bacarığını bir lənətə çevirir. Belə ki, Cassandra gələcəkdə insanları gözləyən təhlükələri görüb onları xəbərdar etsə də, ona inanan olmadığı üçün Cassandra əzab çəkməyə başlayır. Qardaşı şahzadə Parisə, Heleni Troya şəhərinə gətirmə, onun gəlməsi şəhərimiz üçün fəlakət olacaq desə də öz qardaşı qısqanclıq etdiyini düşünür. Bütün Troya sakinləri qələbə qazanacaqlarını düşünsələr də, Truva atı hiyləgərliyini başa düşmədikləri üçün məğlubiyyətə düçar olurlar.

“Cassandra Sindromu” termini psixologiya və psixi sağlamlıq sahələrində bir insanın gələcək mənfi hadisələri proqnozlaşdırmaq qabiliyyətinə malik olduğuna inandığı, lakin bu proqnozlara çox vaxt məhəl qoymadığı və ya qiymətləndirilmədiyi vəziyyətləri təsvir etmək üçün istifadə olunur.

İllərdir televiziya məkanlarımızda, mimsiz mədəniyyət sahibi şəxslərin, xalqa mədəniyyət sahibi, nümunə insan kimi göstərildiyi cəmiyyətimizdə, naqislikləri tənqid edən, yuvarlandığımız uçurumu öncədən xəbər verən həqiqi vətənsevər şəxslərimizin vətən xaini, antimilli ünsür olaraq damğalandığı cəmiyyətimiz üçün son bir ayda baş verənlər nə üçün  təəccüb doğurmalıdır ki? Hazırda yaşadığımız acınacaqlı halları illər öncə proqnozlaşdıran, gələcəkdə qarşılaşacağımız təhlükələri əvvəlcədən bizə xəbər verən öz Cassandralarımıza sahib çıxmadıqca, onların həyacan siqnallarına əhəmiyyət vermədikçə Troya şəhəri və Troya xalqı kimi bizim sonumuz da fəlakətdir.

Nicat Qasım

Xüsusi olaraq,

Gununsesi.info üçün