Şarl Mişel İlham Əliyevlə son gərginliyi müzakirə edib

Avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı regiondakı son durumu müzakirə edib.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Şarl Mişel regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib. O, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

HTML tutorial

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində növbəti dəfə “hərbi təxribat törədib və nəticədə hərbi qulluqçumuz həlak olub”.

Prezident deyib ki, 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını ərazidən çıxarmayıb.

“Həmçinin, qanunsuz erməni hərbi birləşmələri ərazilərimizdə öz mövcudluğunu davam etdirir. Artıq 2 ilə yaxın müddətdə Ermənistanın 10 noyabr Bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.”

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Dövlət başçısı üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb.

Telefon söhbəti zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər barədə müzakirələr aparılıb.

Son günlərdə Dağlıq Qarabağ və ətrafdakı bir sıra ərazilərdə hərbi gərginlk yaranıb, avqustun 3-də döyüşlər qeydə alınıb. Nəticədə azı bir Azərbaycan və iki erməni hərbi qulluqçusu həlak olub, daha çox sayda hərbi qulluqçular yaralanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın mətbuat üçün yaydığı bəyanatda ABŞ-ın Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı və yaralanmaları ilə bağlı xəbərlərdən dərin narahatlığını ifadə edib.

“Biz gərginliyi azaltmaq və vəziyyəti daha da gərginləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq. Gərginliyin son vaxtlar artması münaqişə ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinin zəruriliyini vurğulayır,” bəyanatda qeyd edilir.

Gununsesi.info