Savaşın 16-cı günü: İlham Əliyev Gəncəyə hücumun səbəbkarını AÇIQLADI

  • By admin
  • 12 Oktyabr 2021 10:31

Gununsesi.info Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

12 oktyabr 2020-ci il. Müharibənin 16-cı günü…

Saat – 03:09 – Düşmən Gəncəni atəşə tutdu

Saat – 06:46 – Düşmənin daha 26 hərbçisi məhv edildi

Ötən ilin bu günü Ermənistan müdafiə nazirliyi daha 26 hərbi qulluqçunun öldüyünü açıqladı. Bununla düşmən tərəfin elan etdiyi ölü sayı 12.10.2020-ci il tarixi üçün 438-ə çatdı.

Saat – 08:36 – Ağdam rayonu atəşə tutuldu

Ötən ilin bu günü Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu.

Saat – 09:49 – Rayonlarımız yenidən atəşə tutuldu

Ötən ilin bu günü Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu. Tərtər rayon Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Saat – 11:37 – Müdafiə Nazirliyi cəbhə ilə bağlı MƏLUMAT YAYDI

“Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır. Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir”. Ötən ilin bu günü bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verildi.

Saat – 11:44 – Qarabağda döyüşməyə gələn erməni əsilli biznesmen MƏHV EDİLDİ

Döyüşmək üçün Qarabağa gələn erməni mənşəli ispaniyalı iş adamı Armen Knyazyan ötən ilin bu günü hərbi əməliyyatlar zamanı məhv edildi.

Saat – 11:51 –

2020-ci il oktyabrın 12-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 PUA-sı, 12-si saat 10:00 radələrində isə Ağdam rayonu istiqamətində 1 PUA-sı hava hücumunda müdafiə bölmələrimiz tərəfindən məhv edildi. Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yaydı.

Saat – 11:54 – Ordumuz erməniləri DARMADAĞIN ETDİ, düşmən GERİ ÇƏKİLDİ

Ötən ilin bu günü (11-dən 12-sinə keçən gecə) cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarıldı. Döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkildi, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçdı. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkildi. Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edildi. Canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var idi. Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açdı. Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk etdi.

Saat – 12:07 – Prezident “Haber Global” kanalına müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verdi. Ətraflı BURADA

Saat – 14:09 – Xarici diplomatlar Gəncədə erməni vəhşiliyini öz gözləri ilə gördülər

2020-ci il oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər etdilər və erməni vəhşiliyi – Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış oldular.

Saat – 14:59 – İlham Əliyev Gəncəyə hücum qərarını KİMİN VERDİYİNİ AÇIQLADI

“Gəncəyə hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib. Bizdə dəqiq məlumat var ki, indi psixoloji sarsıntı keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir”. Ötən ilin bu günü bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global”a müsahibəsində bildirdi.

Saat – 15:04 – Cəbrayılın işğaldan azad olunan Süleymanlı kəndindən VİDEO

Ötən ilin bu günü Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Süleymanlı kəndinin videogörüntüsünü yaydı.

Saat – 15:32 – Ermənilərin vurduğu Azərbaycan PUA-sı “kukuruznik” çıxdı

Ötən ilin bu günü erməni tərəfi növbəti dəfə Azərbaycan Ordusunun pilotsuz uçuş aparatını (PUA) vurduğunu elan etdi və həqiqi təsdiq etmək üçün guya həmin PUA-nın video kadrlarını yaydı. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirdi ki, bu videonun yavaşıdılmış kadrlarına ötəri baxış etməklə havadan düşən və parlaq alovla yanan “PUA-nın” An-2 yüngül çoxməqsədli təyyarə olduğunu dəqiq görmək olar: “Sual olunur, Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri və ən yeni hərbi texnika olduğu halda, kənd təsərrüfatı üçün nəzərdə tutulmuş “kukuruznik” Ordumuzun nəyinə gərəkdir? Cavab sadədir: Bu üsulla erməni təşviqatı qrafika və animasiyadan istifadə etməklə erməni ictimaiyyətini aldatmaq, eləcə də erməni əsgərinin fiziki cəhətdən qırılmış əhvali-ruhiyyəsini və mənəvi durumunu yüksəltmək üçün uğursuz cəhdlər göstərir”

Saat – 15:43 – BBC Ermənistanın Gəncə vəhşiliyi ilə bağlı reportaj yayımladı

Ötən ilin bu günü BBC telekanalı Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı reportaj yayımladı.

Saat – 16:55 – Türkiyə ilə Rusiya Qarabağı müzakirə etdi

Ötən ilin bu günü Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutdu. ​​​​​​Görüşdə Ermənistanın Azərbaycana hücumları, İdlib və Liviya, habelə müdafiə və təhlükəsizlik məsələləri müzakirə olundu.

Saat – 17:36 – Gəncədə erməni terroru nəticəsində həlak olanların sayı 10-a çatdı

Ötən ilin bu günü Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Publika.aza bildirildi ki, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat etdi. Bununla da Gəncə terrorunda ölənlərin sayı 10-a çatdı.

Saat – 18:13 – İtalyan senator Ermənistanın Gəncəyə raket hücumunu pisləyən açıqlama verdi

Ötən ilin bu günü İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü, senator Stefano Luçidi Ermənistan hərbi qüvvələrinin atəşkəs rejimini pozaraq Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyən açıqlama verdi.

Saat – 19:38 – Akardan İrəvana XƏBƏRDARLIQ

“Azərbaycanın mülki yaşayış məntəqələrinə hücumlarını davam etdirən Ermənistan bir gün həm tarix, həm də beynəlxalq hüquq qarşısında cavab verəcək. Ermənistanın etdikləri atəşkəs razılaşmasının pozulması deməkdir”. Ötən ilin bu günü bu sözləriTürkiyə Milli Müdafiə naziri Hulusi Akar bildirdi.

Saat – 21:07 – Prezident Gəncə terrorundan yazdı

“Gəncə şəhəri bombardman edilmiş, mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Bu, Ermənistan rəhbərliyinin həyata keçirdiyi faşizm siyasətinin növbəti təzahürüdür”. Ötən ilin bu günü Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyev bununla bağlı “Twitter” hesabında paylaşım etdi. Dövlət başçısı bildirdi ki, biz işğaldan azad olunmuş torpaqlarda şəhərlər quracağıq, həmin yerləri cənnətə çevirəcəyik: “O torpaqlar canlanacaq, ora həyat, uşaqların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar”.

Saat – 21:45 – Daha 45 erməni hərbçi MƏHV EDİLDİ

Ötən ilin bu günü Ermənistan ordusu 2020-ci il 10 oktyabr tarixinə qədər Qarabağda ölən hərbçiləri ilə bağlı ikinci siyahını açıqladı. “Sputnik” Ermənistanın yaydığı siyahıda daha 45 erməni əsgərinin adı qeyd olundu. Beləliklə, Ermənistan tərəfinin açıqladı rəsmi rəqəmlərə görə cəbhədə ölən erməni əsgərlərinin sayı 525-ə çatdı.

Saat – 23:00 – Ərdoğan Ermənistanın terror hücumlarını pislədi

“Azərbaycan ərazilərini işğal edən Ermənistan, təbii qaz və neft boru kəmərlərinin nəqliyyat xətləri üzərində yerləşən Tovuz bölgəsindən sonra Gəncə şəhərinə hücum etməsi ilə Avropanın enerji təchizatını təhlükəyə atır”.

Ötən ilin bu günü bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı bildirdi. Türkiyə Prezidenti Avropa İttifaqı ölkələrini Azərbaycanın torpaq bütövlüyü ilə bağlı tutarlı bir mövqe ortaya qoymağa çağırdı.

Saat – 23:49 – Gəncə və Mingəçevirə atılan ballistik raketlərin qalıqları tapıldı

Ötən ilin bu günü Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan tərəfindən Gəncə və Mingəçevir şəhərlərinə atılan raketlərin qalıqlarının fotolarını paylaşdı.

Gununsesi.info