“Saxla” əmrinə məhəl qoymayan yük avtomobilinin sürücüləri saxlanıldılar

  • By Sənan
  • 01 İyun 2024 13:15

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobillərinin sürücüləri saxlanılıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduqlarına görə “Saxla” işarəsi verilən 36-BK-066, 36-BM-066 və 99-XT-941 dövlət qeydiyyat nişanlı “KamAZ” markalı yük avtomobillərinin sürücüləri, Biləsuvar rayon sakinləri – Qalib Ağayev, Elman Məmmədov və Pərvin Bayramov polisin qanuni tələbinə tabe olmayaraq hərəkətlərini davam etdiriblər.

Görülən tədbirlər nəticəsində avtomobillər saxlanılıb. Araşdırma zamanı məlum olub ki, hər üç sürücü nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə ediblər.

Bununla bağlı sürücülər barəsində qanunvericiliyə uyğun protokol tərtib edilərək toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.

Təyinatından asılı olmayaraq, istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada qablaşdırılmalıdır.

Yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin nəzərinə bir daha çatdırmaq istərdik ki, sözügedən qayda pozuntuları aşkar edildiyi təqdirdə qanunvericiliyə uyğun olaraq, avtomobilin hərəkəti qadağan edilməklə sürücülər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla avtomobilin yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.

Eyni zamanda sürücülər bilməlidirlər ki, məsuliyyətdən yayınmağa yönəlmiş qanunsuz əməllər həmin şəxslər barəsində tətbiq ediləcək inzibati sanksiyaların daha da ağırlaşmasına zəmin yaradır.

Gununsesi.info