Müsəlman Şərqində qadına ilk seçki hüququ verən dövlət…
Bəli, tarixdə bu cür imza ilə qalmaq, əlbəttə, kiçik məsələ deyil. Lakin dünya nisbətində də, Azərbaycanda da ümumi götürəndə qadınların sosial-ictimai, siyasi məsələlərdə azlıq təşkil etdiyi görünür.
Məsələn, günü bu gün də istənilən seçkidə qadın azlığı müşahidə olunmaqdadır. Əlbəttə, bunun da psixoloji, sosial, təbiət genetikası kimi faktorları vardır. O cümlədən, həm patriarxal düşüncə, həm mentalitet, həm də digər başqa səbəbləri demək olar. Lakin görürən odur, artıq bu tabular qırılmaq üzrədir. Üstəlik, bir yandan da müasir dünyanın gender bərabərliyi və bu yöndə olan məsələləri var. Dünya arenasında qadın Prezidentlərin belə olduğunu nəzərə alsaq, aşağı sahələrdə gender bərabərliyinin qorunmaması bir qədər yaxşı hal deyil.
Bəs, Azərbaycan bu istiqamətdə nələr edir?!
Artıq bir çox mühim vəzifələr var, orada məhz qadınların aktivliyini, dövlətyönümlü səriştəliyini görmək olur. Düzü, çox adam ələxsus da siyasətin qadınlar üçün olmadığını, onların bunu bacara bilməyəcəyini düşünüb, düşünür, bəlkə də düşünəcək. Qadın və kişi təbiətinin fərqliliyini nəzərə alsaq, məsələlərin haqlı və haqsız tərəfi vardır. Fəqət diqqə edilsə, Azərbaycan siyasətində də, digər sahələrində də son illər müsbət dəyərləndirilə biləcək addımlardan biri də qadınların nisbətən önə çıxmasıdır. Sözsüz, bunun özü Azərbaycan hökümətinin bəşəri düşüncələrə, dəyərlərə, gender bərabərliyinə hesablanmış addımıdır və bütün hallarda müsbətdir. Belə proseslərdə dünya ilə ayaqlaşmamaq mümkün olmur.
Bu addım ilk öncə Parlamentdə sezilir. Vitse-spikerin qadın olmasından tutmuş, vəkillər arasında əvvəlki illərə nisbətdə qadınların sayının və aktivliyinin artması, əlavə olaraq İcra başçısı müavininin qadın olması və başqa məsələlər bəzi məsələlərə bariz nümunədir.
Bəs qadınların rəhbər vəzifələrdə azlıq təşkil etdiyi sahə varmı? Əlbəttə, var. Məsələn, media, televiziyalarımız. Bu gün Azərbaycanda nə qədər media başqanı qadın var? Çox deyil, 1-2 nəfər. Bu gün televiziya rəhbəri nə qədər qadın var?
O da çox deyil, 1-2 nəfər, üstəlik, çox bilinən televiziyalarda yox. O da məlum, gender bərabərliyi ilə bağlı qanunvericilik bazası var. QHT agentliklərində bu istiqamətdə çoxsaylı layihələr maliyyələşsə də, nədənsə, televiziyalarda proqramlar bu işləri görmək istəmir. Bəs nədir səbəb? Bir nəzarət palatası varmı? Varsa, hansı işə baxır, niyə bütün bunların hesabı soruşulmur? Ayrılan maliyyələr və onların layihələri hara, kimlərin cibinə gedir?
Xüsusi ilə televiziyaların vəziyyətinin yaxşı olmadığını etiraf etməkdə də fayda vardır. Bəs bu niyə? Nədir səbəb? Nə üçün gender bərabərliyi məsələləri burada qorunmur? Ümumiyyətlə, niyə televiziyalarımız bu vəziyyətdədir?
Artıq şablon sözə, etiraza çevrilsə də, deməmək olmur. Birmənalı və qeyd-şərtsiz şəkildə ailə institutunun dağılmasına, dəyərlərin məhv olmasına gətirib çıxaran bu verilişlərin sonu nə olacaq? Məsələn, təsadüfü bir kanalı açırsan və budur, mənzərə göz boyamır, ikisini bir deşikdən çıxardır: “Ər efirdə yoldaşını axtarır, deyir, qayıt gəl, məlum olur, sözügedən yoldaş da qoşulub qaçıb. Buna baxmayaraq, ər həmin qadını uşaqların xatirinə qəbul etmək niyyətində olur” Çevirirsən növbəti kanala və növbəti mənzərə: “Qadın ərinin pullarını gənc sevgilisinə xərcləyib, evdən qaçıb, kişi də deyir, bir səhvdir eləmisən, ailəmizi dağıtma” Yaxşı, bütün bunlar nəyə hesablanıb? Kimlər və hansı dəyərləri dağıtmağa çalışır? Yenə növbəti kanallar və mənzərələr: Qoşulub qaçan qudalar, yoldaşının bacısı ilə eşq yaşayan kişilər, qaynanasına gözü düşən kürəkən, hətta qaynatası ilə belə macəraları olan kürəkən. Daha nə? Hansı birini deyəsən?
Və sual olunur: Bütün bunlar niyə efirdə göstərilir? Olar, insanlar fərqlidir, hərə bir əxlaqda, düşüncədə ola bilər. Belə qeyri-normal hadisələrin olması qaçılmaz deyil. Bəs nə üçün bu cür mənfi hallar tirajlanmalı, insanların ən iyrənc hadisələrə də təəccüb hissi itməlidir? Reytinq? Gəlin, hər şeyi öz adı ilə çağıraq.
Bunun adı və niyyəti bəllidir. Reytinq gətirir deyə millətin əxlaqını korlamaq, dəyərlərini məhv eləmək və bütün bu cür iyrənc əməlləri normallaşdırmaqmı lazımdır? Niyə bunları adi hallara çeviririk? Yaxşı, bəs bütün bunlar hələ nə qədər yazılacaq, deyiləcək? Bir tərəfdə gender bərabərliyi məsələləri, bir tərəfdə də efirdə qadınların alçaldılması, əzilməsi, qeyri-normal, əxlaqsız hallarının göstərilməsi? Efirlərdə insest münasibətdən tutmuş hər cür iyrənc məsələlər səslənir. Heç bir daxili senzura yoxdur. İnsanlar isə baxsa da, tənqid edir, narazılıq bildirir. Lakin bu məsələlər aradan qalxmaq da bilmir. Efirdə də insan evlənərmi? Bir-birinə uyğun olmayan, əqli və fiziki xəstələri evləndirən adamlar nə düşünür? Bu, hansı, kimlərin layihəsidir? Onların hansı birinin sonu yaxşı olub? Özü də, o cür evliliklərin hamısının da sonu faciə ilə bitir. Fiziki və əqli sağlamlıqları yerində olmayan adamları niyə evləndirirlər? Onların hansı birinin sonu yaxşı olub? Özü də, o cür evliliklərin hamısının da sonu faciə ilə bitir. Saxta ekspertlər, saxta həkimlər, süni tövsiyyələr, danlamaqlar, öz ağlınca yol göstərməklər-nədir bunlar?! Bəs bu işlərin sonu necə olacaq? Suallar yenə də ritorikdir.
Bəs niyə cavab yoxdur?
Kim cavab verəcək, məsuliyyət daşıyacaq?!
Kim deyə bilər: Bu cür gələn bir gələcək necə, hansı formada gələcək?!
Orxan Saffari
Gununsesi.info