Sazı solaxay çalan məşhur aşıq - MİSİR MƏRDANOV DƏDƏ ƏLƏSGƏRDƏN YAZDI

  • By ilhame
  • 22 Mart 2024 19:16

Martın 22-si Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən, şeirin ən uca zirvələrini fəth edən sənətkarlardan biri olan Aşıq Ələsgərin doğum günüdür.

 

Dədə Ələsgər 1821-ci il 22 martda Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdu. O bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdi. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxmışdır.

 

Yaxşı xatırlayıram, rəhmətlik Həvva nənəm danışırdı ki, yaxın qohumumuz Rustam kişinin toyunu Aşıq Ələsgər eləmişdi. O, ucaboy, enlikürək bir adam idi, sazı solaxay çalırdı.

 

Aşıq Ələsgər qızılvəngli Aşıq Alının şagirdi olmuş, aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət qaydalarını da öyrənmişdir. Aşıq Alı onu tamam hazırlayandan sonra bir toy məclisində Ələsgərlə deyişmiş və şagirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq məqsədilə özünü qəsdən məğlub edərək, sazını qalib tərəfə-Ələsgərə təslim etmək istəmişdir. Ələsgər isə böyük təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtirəmını bu sözlərlə ifadə etmişdir:

 

Bir şəyird ki, ustadına kəm baxa,

Onun gözlərinə qan damar, damar

Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən, ömrünün axırına qədər əlini işdən çəkməyən bir insan imiş. Yaz-yay aylarında əkinçiliklə, qışda isə aşıqlıqla məşğul olarmış. Lap qoca yaşlarında əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, araba düzəltmək, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınmışdı. Böyük ustadla bağlı olan kiçik yazını onun “Gərəkdir” şeiri ilə tamamlayıram. Allah rəhmət eləsin. Qəbri nurla dolsun.

GƏRƏKDİ

Aşıq olub, diyar-diyar gəzənin,

Əvvəl, başda pür kamalı gərəkdi.

Oturub-durmaqla ədəbin bilə,

Mərifət еlmində dolu gərəkdi.

Xalqa həqiqətdən mətləb qandıra,

Şеytanı öldürə, nəfsin yandıra,

Еl içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdi.

Danışdığı sözün qiymətin bilə,

Kəlməsindən ləlü gövhər süzülə,

Məcazi danışa, məcazi gülə,

Tamam sözü müəmmalı gərəkdi.

Arif ola, еyham ilə söz qana,

Naməhrəmdən şərm еyləyə, utana,

Saat kimi mеyli haqqa dolana,

Doğru qəlbi, doğru yolu gərəkdi.

Ələsgər haqq sözün isbatın vеrə,

Əməlin mələklər yaza dəftərə,

Hər yanı istəsə, baxanda görə,

Təriqətdə bu sеvdalı gərəkdi.

Gununsesi.info