
Ermənistan Baş Prokurorluğuna parlament seçkilərində səsvermə zamanı qanun pozuntuları barədə 2000-ə qədər məlumat daxil olub. Müxalif qüvvələr bununla bağlı cinayət işi açılmasını tələb edirlər. Parlamentdə yerlər uğrundan mübarizəyə qoşulan bloklardan 3-ü seçkinin nəticələri ilə razılaşmayıb.
Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan seçkilərdə səs vermədiyini də açıqlayıb. O bu hərəkətini seçkilərin nəticələrinını saxtalaşdırılmasıyla əsaslandırıb.
R.Köçəryan qeyd edib ki, parlament seçkilərində də ideoloji mübarizənin heç bir əhəmiyyəti yox idi: “Burada güc metodundan istifadə ilə pul kisələrinin mübarizəsi gedirdi, əksər seçicilər elə çətin sosial vəziyyətdə idilər ki, puldan imtina edə bilməzdilər”.
Sabiq prezident bildirib ki, Ermənistan polisinə parlament seçkilərində səsvermə zamanı baş verən 176 qanun pozuntusu barəsində xəbər verilib. Onlardan 32-i araşdırılmaya yönəldilib, 121-i üzrə isə materiallar hazırlanır və yoxlama aparılır.
Ermənistan Baş Prokurorluğu isə parlament seçkilərində səsvermə zamanı qanun pozuntuları barədə 2000-ə yaxın məlumatla tanış olub. Onlardan 392-də cinayət əlamətləri aşkarlanıb. Bunlar əsasən bir seçicinin digər seçicinin yerinə səs verməsi ilə, 115-i seçicinin öz iradəsini azad ifadə etməsinə mane olmaq ilə, 77-si səsvermə sirrinin pozulması ilə, 63-ü KİV nümayəndəsinin, güvənilmiş şəxsin və müşahidəçinin işinə mane olmaq ilə, 5-i seçkiqabağı rüşvət paylanması ilə, 1-i isə seçki məntəqəsində siyahının tərtibinə mane olmaqla bağlıdır. Prokurorluqdan bildirilir ki, təkrar səsvermə hallarının 6-sı üzrə cinayət işi başlanıb, bir nəfər saxlanılıb.
Müşahidəçilər məntəqlərdə seçkinin təşkilindən də narazı qalıblar. Texniki vasitə Serj Sarkisyanın biometrik kartını tanımayıb. On dəqiqəyədək bu vəziyyətdə gözləyən Sarkisyanın səsvermədən sonra MSK sədri Tiqran Mukuçyanı tənbeh etdiyi bildirilir. Mukuçyan əksər seçki məntəqələrində texniki qurğularda nasazlıq yarandığını etiraf edib.
Parlamentdə yerlər uğrundan mübarizəyə qoşulan bloklardan 3-ü seçkinin nəticələri ilə razılaşmayıb.
Gülnaz Qənbərli
Gununsesi.info