“Seçki ilə bağlı qərar hüquqi və siyasi amillər nəzərə alınaraq verilib” - ZAHİD ORUC

  • By admin
  • 05 Fevral 2018 13:44

Azərbaycan prezidenti İlham Əliyevin aprelin 11-nə növbədənkənar prezident seçkiləri ilə bağlı sərəncamı tamamilə konstitusiyaya uyğun olan qərardır.

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, ölkə başçısının növbədənkənar seçkilərlə bağlı sərəncam verməsinin isə bir sıra səbəbləri var: “Birincisi 2016-cı ildə  Konstitusiyaya edilən dəyişikliklərə əsasən Azərbaycan prezidentinin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb. Belə olan təqdirdə 2018-ci ildə prezident seçkiləri oktyabr ayında keçiriləcəyi təqdirdə, növbəti prezident seçkiləri 2025-ci ildə parlament seçkiləri ilə demək olar ki, üst-üstə düşür. Prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsi müəyyən siyasi gərginlik yaratmaqla, iddiaçıların iştirak etmək hüququnu əlindən almış olur. Yəni prezidentliyə namizəd olan şəxs parlament seçkilərində öz gücünü sınaya bilmir. Odur ki, seçkinin aprel ayına təyin olunması ilə növbəti seçilərdə zaman ayarlanması gözlənilir. Digər bir məqam isə seçkilər eyni vaxtda keçirildiyindən burada maraqların çarpazlaşması müəyyən gərginliyə səbəb olur. Odur ki, seçkilərin aprelə təyin olunmasında hər hansı başqa məqam axtarmağa və buna siyasi rəy verməyin heç bir əsası yoxdur”.

Müxalifətin hazırlıqsız yaxalanması ilə bağlı səslənən fikirlərə gəldikdə Z.Oruc deyib ki, seçkilər oktyabr ayında keçirilsəydi belə 25 il müxalifətdə olan Azərbaycanın siyasi müxalifəti onsuz da seçkilərdə hər hansı ciddi uğur qazanacağına ümid yox idi: “Bu qüvvələr seçkidən-seçkiyə güclənmək əvəzinə, mövcud elektoratını itirməklə azacıq olan inamını da cəmiyyətdə itirməklə məşğuldur. Bu gün müxalifət Azərbaycanın siyasi həyatında hansısa ciddi bir aksiya keçirmək və ya gündəmi dəyişmək iqtidarına malik deyil. Burada bir məqama da diqqət yetirmək lazımdır, əgər müxalifət elə ciddi qüvvəyə malikdirsə, onun üçün seçkinin nə zaman keçirilməsi elə də önəm daşımamalıdır. O baxımdan müxalifətin hazırlıqsız yaxlanması ilə bağlı səsləndirəcəyi fikirlərin mənası yoxdur. Siyasi qüvvə hər zaman seçkiyə hazır olmalıdır. Burada bir məqam da var, Azərbaycanda onsuz da seçki ili idi və biz müxalifətin hər hansı hərəkətliliyinin şahidi deyildik. Odur ki, müxalifətin öz uğursuzluğunu yenə də hakimiyyətin üzərinə atmaqla vəziyyətdən çıxmağa can atdığının şahidi olacağıq. Baxın digər ölkələrdə də bu il seçkilər keçiriləcək və həmin ölkələrdə siyasi müxalifət seçkiyə ən azı bir il qalmış aktivləşib, namizədini müəyyənləşdirib və hazırlıq prosesinə başlanılıb. Odur ki, burada hər hansı problem yoxdur. Hələ ki, zaman var”.

O, eyni zamanda Azərbaycandakı prezident seçkilərinin Ermənistanda keçirilən seçkilərlə eyni vaxtda keçirilməsi ilə bağlı səslənən fikirlərə aydınlıq gətirərək deyib ki, Ermənistanın özünə, Azərbaycanın isə özünəməxsus hüquqi prosedurları və siyasi reallıqları var və bu barədə hər hansı fikir səsləndirənlərin mövqeyi əsassızdır.

Beynəlxalq təşkilatların mövqeyinə gəldikdə isə Z.Oruc deyib ki, seçkilər Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun şəkildə keçirildiyindən beynəlxalq təşilatların və ayrı-ayrı dövlətlərin hər hansı başqa mövqe sərgiləməsini gözləmir.

Z.Oruc həmçinin, bildirib ki, son 3 ildə prezident İlham Əliyev öz komandasında bir yeniləşmə prosesinə start verib və bu proses davam etməkdədir: “Odur ki, bu seçkilərlə bağlı qərar təkcə hüquqi deyil, həm də siyasi amillər nəzərə alınaraq verilib. Və düzgün edilib”.

Mürtəza

Gununsesi.info