Seçkidən sonra jurnalistikaya qayıdacam - Atilla Sertel

  • By admin
  • 14 Aprel 2023 12:35

Türkiyədə 14 mayda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısına diqqət yetirsək görərik ki, həm iqtidar, həm də müxalifət düşərgəsi daha çox yeni isimlərə üstünlük verib. Hazırda Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan millət vəkillərindən bəziləri seçki siyahısına daxil edilməyib. Onlardan biri Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmirdən seçilmiş deputatı, tanınmış siyasətçi Atilla Serteldir. Nədənsə, CHP budəfəki seçkilərdə onu namizəd kimi irəli sürməyib.

Seçkidən kənarda qalan Atilla Sertel təəssüratlarını Modern.az-la bölüşüb. O, üzvü olduğu partiyanın qərarına hörmətlə yanaşdığını bildirib.

“Mənim üçün heç bir problem yoxdur. Deputat kimi 7 il xalqıma xidmət göstərdim. Övladlarıma və nəvələrimə şərəfli keçmiş miras qoymuşam”, – CHP üzvü deyib.

Gələcək fəaliyyətinə gəlincə, Atilla Sertel yenidən jurnalistikaya qayıdacağını söyləyib:

“Mən jurnalistəm. Peşəmlə məşğul olmağa davam edəcəyəm. Eyni zamanda kitab yazmağı, xatirələrimi qələmə almağı düşünürəm. Bununla yanaşı təqaüdçüyəm və sosial təminatım var. Oxuyuram, yazıram və danışıram. Heç bir problem yoxdur. Bunlar mənə kifayətdir”.

Müxalif deputat 14 may seçkiləri ilə bağlı düşüncülərini də bölüşüb: “Türkiyənin 13-cü prezidenti Kemal Kılıçdaroğlu olacaq. Eyni zamanda Millət İttifaqı məclisdə çoxluğu qazanacaq”.

“İndiyədək qardaş ölkə olan Azərbaycana çox sayda səfərim olub. Dəvət olarsa, yenə də sevə-sevə gələrəm”,-parlamentari sonda qeyd edib.

Gununsesi.info