“Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır”- MİLLƏT VƏKİLİ

“Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır”

Milli Məclisin bu gün keçirilən plenar iclasında Seçki Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb. 

Gununsesi.info xəbər verir ki, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ümumilikdə məcəlləyə 55 dəyişiklik təklif edilib.

O qeyd edib ki, dəyişikliklərin bir qismi son referendumda Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədardır.

Komitə sədri eyni zamanda bildirib ki, məcəllədə 162, 164, 195 və 197-ci maddələrin ləğv edilməsi pulsuz efir vaxtının ləğv edilməsi demək deyil: “Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır”.

2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının icrası ilə əlaqədar, eyni zamanda qanunvericilik texnikası baxımından təkmilləşdirmək məqsədilə Seçki Məcəlləsinə dəyişikliklər təklif olunur.

Dəyişikliyə əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Konstitusiyasının müvafiq maddəsində nəzərdə tutulmuş hallarda prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyasının müvafiq maddəsinə əsasən Prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkiləri keçirilir. Konstitusiyanın müvafiq maddəsində nəzərdə tutulmuş halalr növbəti prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar prezident seçkiləri təyin edilir.

Deputatlar yeni qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Mürtəza 

Gununsesi.info

COMMENTS