Azərbaycanda fevralın 7-də prezident seçkiləri keçiriləcək. Bu seçkilərdən sonra ölkənin siyasi həyatında nələr dəyişəcək? Azərbaycan iqtisadiyyatında ən çox nələrin həllinə diqqət yetiriləcək?
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, azad edilmiş ərazilərə vətəndaşların qayıdışının hansı mərhələlərlə təmin edilməsi, ölkə təhsilinin gələcək vəziyyəti maraq edilən məsələlər sırasındadır.
Gununsesi.info-nun bu və başqa məsələlərlə bağlı suallarını Milli Məclisin deputatı Azay Quliyev cavablandırıb.
Deputat qeyd edib ki, prezident üsul-idarəsi olan ölkələrdə prezident seçkiləri hər zaman taleyüklü və həlledici əhəmiyyətə malik olub. “Bu, Azərbaycanda da belədir. Çünki Prezident həm dövlət başçısı, həm ali icra hakimiyyətinin rəhbəri, həm də Silahlı Qüvvələrin Ali Baş Komandanı və ölkə Konstitusiyasının qarantıdır. Başqa sözlə desək, Prezident xalqın və dövlətin taleyini, inkişaf strategiyasını və geosiyasi vektorlarını birbaşa müəyyən edən son dərəcə vacib və mühüm ali dövlət vəzifəsidir. Bu mənada, Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkilərinin tarixi və siyasi əhəmiyyəti daha çoxdur və fərqlidir. Bu, sözün əsl mənasında, gələcəyimizin seçkiləridir”, – deyə o əlavə edib.
“Prezident seçkilərindən sonra Azərbaycan üçün əsas hədəf və vəzifələr nə olmalıdır?” sualına cavab verən Azay Quliyev bildirib ki, yeni milli hədəflərin müəyyən olunması o qədər asan məsələ deyil və bu haqda təkliflərin verilməsi də çox böyük məsuliyyət tələb edir: “Əgər biz növbəti 10 ildə qarşıda duran əsas məqsəd və vəzifələrdən danışsaq, demək olar ki, gələcək 10 ildə hazırda ölkəmiz üçün prioritet hesab olunan bir sıra sahələr öz aktuallığını qoruyub saxlayacaq. Bura ilk növbədə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, şəhər və kəndlərin dirçəldilməsi, keçmiş məcburi köçkünlərin öz torpaqlarına geri qaytarılması, ölkənin müdafiə qabiliyyətinin daha da artırılması və iqtisadi inkişafının daha yüksək səviyyədə təmin olunması daxildir.
Düşünürəm ki, gələcək 10 ildə Milli Ordumuzun tam peşəkar və müqavilə əsasında formalaşması, dünyanın ən güclü 30 ordusundan biri olması üçün kifayət qədər potensiala, gücə və siyasi iradəyə malikik. Bu vəzifənin əsas milli hədəflərimizdən biri olacağına şübhə etmirəm”.
Ölkə iqtisadiyyatının gələcək vəziyyəti barədə danışan deputat iki mühüm məsələyə toxunub: “Gələcək 10 ildə Azərbaycan iqtisadiyyatına dair iki mühüm vəzifənin icrasına nail olmağa çalışmalıyıq: Birincisi, büdcənin neft və təbii qazdan asılılığını 20 faiz həddinə qədər endirmək, ikincisi, adambaşına düşən ÜDM-in həcmini 10 min ABŞ dollarına kimi yüksəltmək”.
“Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı son illər həyata keçirilən islahatları və işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatına verəcəyi səmərəni nəzərə alsaq, bu vəzifənin öhdəsindən gəlməyin mümkün olacağını düşünürəm. Azərbaycanın öz milli istehsalı və yeni brendləri ilə xarici bazarlarda məşhurlaşmasının da vaxtı çatıb”, – deyə o bildirib.
Deputatın sözlərinə görə, növbəti 10 ildə Azərbaycan universitetlərinin dünya “QS” reytinqində 400-500-ci yerlərə layiq görülməsi təhsil üzrə əsas vəzifələrdən birinə çevrilməlidir:
“Azərbaycan pasportunun dünyanın ən güclü pasportları sırasında yerini yaxşılaşdırması haqqında da düşünməliyik. Düşünürəm ki, “Prezidentin Xüsusi Nümayəndəliyi” institutunun bütün ölkə üzrə tətbiqi məsələsi də seçkilərdən sonra gündəmdə olacaq. Əlbəttə, bir çox digər məsələlərlə yanaşı, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın icrası və Zəngəzur dəhlizinin açılması gələcək milli hədəflər sırasında olacaq və əminəm ki, biz bu missiyaların da öhdəsindən layiqincə gələcəyik. “Süni intellekt və onun idarə olunması”, “yaşıl enerji”, “təhlükəsizlik”, “sosial rifah”, “məhkəmə islahatları” və “milli birliyimizin” qorunması kimi məsələlərin də qarşıdakı 10 ildə diqqət mərkəzində olacağına şübhə etmirəm.
Bir sözlə, Prezident seçkilərindən sonra Azərbaycanda yeni inkişaf və yeni hədəflər dövrü başlayır”.
Gununsesi.info